Zərdab rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən "Blue Diamond" MMC (VÖEN-5300722751) Zərdab rayon Kommunal Müəssisələr Kombinatı üçün yük maşının əsaslı təmiri xidməti göstərəcək və digər nəqliyyat vasitələrinin ehtiyat hissələrini satacaq. Bu xidmət və mallar üçün 36 min 5 manat 25 qəpik alacaq. Bundan başqa "Blue Diamond" MMC Zərdab rayon Kommunal Müəssisələr Kombinatına 14 min 920 manat dəyərində 60 ədəd zibil konteyneri satacaq.
Məlumat üçün bildirək ki, "Blue Diamond" MMC ötən ay Sabirabad Suvarma Sistemləri İdarəsinə 11 min 930 manat 30 qəpik dəyərində, may ayında isə Zərdab rayon İcra Hakimiyyətinə 5 min 711 manat 80 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satıb.
Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, qalib şirkət tender elanından cəmi 14 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan "Blue Diamond" MMC 5 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Zərdab şəhəri, Azərbaycan, ev 19, m 6-da yerləşən şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi 14 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin fərqli sahələrdə (avtomobil təmiri, zibil konteyneri və dəftərxana mallarının satışı) xidmət göstərmək və mal satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
A. Cəfərov