İbrahim və İsmayılın hekayəsi...


Səhər məsciddə Qurban bayramı namazı ilə günə başlayan ata-oğul, daha sonra qohum-əqrabanı ziyarət eləmiş, insanlarla bayramlaşmışdılar. İsmayıl və atası İbrahim gün ərzində şəhərdə parkda gəzmiş, hətta axşamüstü yağan yağışda bir az islanmışdılar. Bir sözlə onlar yadda qalan bir gün keçirmişdilər. Evə gəlib çatanda hava çoxdan qaralmışdı. İsmayıl 6-cı sinifdə oxuyurdu. Qurban bayramı günləri idi, məktəblər tətil idi.
İsmayılın məhəllədən və məktəbdən qazandığı bir neçə dostu vardı. Günün yorğunluğuna baxmayaraq o qərara gəldi ki, görüşdüyü, oyun oynadığı həmin dostlarını atasına tanıtsın, onlar haqqında danışsın. Bir sözlə İsmayıl gün ərzində atası ilə parkda gəzmiş, hətta yağan yağışda bir az islanmışdılar. Yatmadan əvvəl də o atası ilə söhbət etmək, dostluq və paylaşmaqdan danışmaq istəyirdi...
- Oğlunun bu halı İbrahimə çox maraqlı gəldi. Qərara gəldi ki İsmayılı can qulağı ilə dinləsin... Görəsən oğlu nələr danışacaq, onun məktəbdəki dostları kimlərdir?
- İsmayıl: “Ata mənim Qasım, Elşən və Sərdar adında üç dostum var. Bizlər həm eyni məhəllədə qalır, həm də eyni sinifdə oxuyuruq. Demək olar ki bir-birimizi baxça illərindən tanıyırıq. Hələ balaca ikən oyuncaqlarımızı bir-birimizlə paylaşır, hədiyyə edir, oyunlar oynayırdıq. İndi də məktəbdə qələmlərimizi, hətta evdən gətirdiyimiz yeməklərimizdən bir-birimizə pay ayırırıq”.
İsmayıl bu sözünün ardınca: “Atacan, bəs sənin dostların varmı, onlar kimlərdir, ən çox hansı dostunla vaxt keçirmək istəyirsən?” deyə soruşdu.
Əslində İsmayıl atasının dostlarından, iş yoldaşlarından bəzilərini tanıyırdı. O sadəcə atasının dünyasına girmək, onunla həmsöhbət olmaq istəyirdi...
Oğlunun bu sözləri İbrahimi də bir anlıq məktəb illərinə apardı, ona məktəb dostlarını xatırlatdı. Sonra da yadına iş yoldaşları, tələbəlik illərindən qazandığı dostları, tanışları düşdü. Həqiqətən də gözəl insanlarla əhatə olunduğunu, övladı kimi özünün də gözəl dostları olduğunu anladı... Ancaq “dost” kəlməsi, oğlunun az əvvəl dediyi “paylaşmaq” sözü, “hədiyyə etmək” ifadəsi sanki İbrahimi fikrən başqa yerlərə apardı, onda başqa mənalar çağırışdırdı...
İbrahim elə övladının danışdığı kimi öz dostlarından, iş yoldaşlarından, hətta illər əvvələ gedib məktəb illərindən də danışmaq istədi. Ancaq o qərara gəldi ki, oğlu İsmayıla daha başqa bir “dost”dan bəhs etsin, onun varlığını oğluna da duyursun, hər bir insanın tanımalı olduğu o əsl və həqiqi dostu oğluna da tanıtsın... Əslində İsmayıl atasının bəhs edəcəyi o dostu tanıyırdı. Ancaq hələ indiyə qədər onun əsl və həqiqi dost olduğunun fərqinə varmamışdı.
Atası dedi: Oğlum, dostlarla vaxt keçirmək gözəldir. Ancaq bir dost var ki, onunla bərabər olmaq, bütün dərdini, sirrini onunla paylaşmaq, həmişə o dostun sənin yanında olduğunu bilmək, sənin üçün, mənim üçün, ümumiyyətlə hər bir insan üçün daha gözəldir. O həmişə səninlədir. Yetər ki, sən onu heç vaxt tərk etməyəsən.
İsmayıl bir anlıq atasının dostlarından hansısa biri haqqında danışdığını düşündü. O atasının bu əsl dostunun kim olduğunu bilmək, onu tanımaq istədi və atasına suallar verməyə başladı: “Ata sən o dostunla harda görüşürsən, o kimdir, onunla nə vaxtdan dostluq edirsən?”
İbrahim hər dəfə namaz qılmaq üçün yerə sərdiyi səccadəni göstərərək oğluna: "İsmayıl mən o həqiqi və əsl dostla bax burada görüşürəm" dedi.
İsmayıl bir səccadəyə, bir də atasına baxdı... Bir az düşündü. Atasının gecələr qıldığı namazlar ağılına gəldi. Atası namaz qılarkən ona heyran-heyran baxdığı anları xatırladı. Atası sakin təbiətli birisi idi. Ancaq o namaz qılanda daha sakin və daha hüzurlu görünürdü. O atasının namaz qıldığını, səccadənin də namaz qılmaq üçün yerə sərilən kiçik xalça olduğunu bilirdi. Ancaq bu kiçik xalçanın, yəni səccadənin o əsl dostla görüşmə yeri olduğunu hələ indi anlayırdı. Məgər hamı yatarkən gecələr atasının yarı qaranlıq yarı işıqlı otaqda qıldığı namazlar o əsl dostla görüşməsi imiş. O bu günə qədər atasının qıldığı namaza, ümumiyyətlə namaz ibadətinə heç bu gözlə baxmamışdı...
İsmayıl həmişə maraqlı, bir az da yaşını üstələyən suallar verməyi xoşlayırdı... Bu dəfə də həmin suallarından birini verdi: "Ata bəs sənin kimi özünə Uca Allahı (c.c) dost bilən kimlər var?"
- Ay oğul sənə bəhs etdiyim o əsl dostu bilib tanımaq, ona necə ibadət etməyi öyrənmək üçün biz  Peyğəmbərimiz Həzrəti Muhammədə (s.ə.s) borcluyuq. Axı O (s.ə.s) ta on dörd əsr əvvəl Uca Allahı tanıtmasaydı, dünyada və axirətdə əsl dostun O (c.c) olduğunu bildirməsəydi biz hardan bilə bilərdik?
Birdə İbrahim peyğəmbər (ə.s) var ki, onun digər adı "Allahın dostu" mənasına gələn "Xəlilullah"dır.
Oğlum, Allahı özünə dost bilə bilərsən. Bu çox uca bir məqamdır. Ancaq bu məqamda qalmaq çətindir. Gərək bunun üçün digər sevgiləri, digər dostları qəlbdən çöldə saxlayasan. Hər bir işin, hər bir məsləyin özünə məxsus şərtləri, xüsusiyyətləri olduğu kimi "Xəlilullah" (yəni Allahın dostu) olmaq və "Xəlilullah" qalmaq üçün də şərtlər var.
İsmayıl atasının danışdığı mətləbləri yavaş-yavaş anlamağa başlayırdı. Bir məsələ onun ağlında sual meydana gətirirdi. Axı onun və atasının adı da İsmayıl və İbrahim idi. Bu necə ola bilərdi? Bu adları onlara kim vermişdi... O atasından məhz bu məqamı da soruşmağı unutmadı:
- "Ata, sənin adın İbrahim, mənim adım da İsmayıldır. Bəs bu adları bizə kim verib?"
- İsmayıl, bilirsən, baban Əhməd kişi bu adı mənə məhz İbrahim peyğəmbərin adından götürərək qoymuşdu. Arzu etmişdi ki mən də böyüyəndə "Xəlilullah" adına layiq olum. Sən dünyaya gələndə biz də qərara gəldik ki, sənin adını da İsmayıl qoyaq. Çünki İsmayıl adı İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin adıdır.
İsmayıl sanki yenidən dünyaya gəlmişdi. O artıq atasının və özünün daşıdığı adların kimdən götürüldüyünü bilirdi.
İsmayıl sual verməyi xoşlayırdı... Bu dəfə atasına başqa bir sual verdi: "Ay ata, deyirsən ki, "Xəlilullah" - yəni Allahın dostu olaraq qalmaq çətindir. Bəs burada çətin olan nədir? Misal üçün İbrahim peyğəmbərin (ə.s) digər adı "Xəlilullah" idi. İbrahim peyğəmbər hansı çətinlikləri aşaraq, hansı imtahanlardan keçərək bu məqamda qala bilmişdi?
- Oğul, bayaq dediyim kimi, Allahın dostu olmaq üçün hər şeydən vaz keçmək gərək... Hətta hər şeydən... Bu hər şeydən elə bir vaz keçməkdir ki, biz bunu suda üzən gəmiyə bənzədə bilərik... Gəminin üzməsi üçün suya ehtiyacı var. Ancaq bu su gəminin içinə dolsa gəmini batırar. Eynilə bunun kimi bizim də yaşamağımız üçün bir çox maddi nemətlərə, ətraf mühitə və s. bir çox şeyə ehtiyacımız var. Ancaq bu ehtiyaclar gəmi misalında olduğu kimi içimizə, qəlbimizə dolmamalıdır. Ətrafımızda, çölümüzdə qalmalıdır. Əks halda gəmiyə dolan su gəmini batırdığı kimi dünyaya bağlanmağımız, qəlbimizdə daşıdığımız o dünya sevgisi bizi də mənən batıra bilər. Yuxarıda dediyim o "Xəlilullah" məqamına qalxmağımıza, orada qalmağımıza əngəl olar. İbrahim peyğəmbər də məhz bu dost məqamında, "Xəlilullah" mərtəbəsində qalmaq üçün sınanmış, imtahana çəkilmişdi...
İbrahim peyğəmbərin (ə.s) həyatı, xüsusilə onun "Xəlilullah" adı ilə də tanınması, həmçinin atasının və özünün adlarının bu iki peyğəmbərin adlarından götürülməsi bizim balaca İsmayılın marağını cəlb eləmişdi. Bu iki peyğəmbərin həyatını daha yaxşı öyrənmək istəyirdi...
Qurban bayramı günləri idi. Qonşuluqda, həmçinin qohumlardan qurban kəsənlər vardı. Elə bu günlərdə atasının İbrahim (ə.s) və İsmayıl (ə.s) peyğəmbərlərin əhvalatını danışması, söhbətin gəlib bu məqama çatması, bizim İsmayıl üçün də tam yerinə düşmüşdü...
Atası dedi: "Oğlum, gəl səni bir az əvvələ, hekayənin başladığı yerə aparım. İbrahim peyğəmbər (ə.s) Quranda keçən bir ayənin ifadəsilə Uca Allahdan (c.c) saleh bir övlad, yəni gələcəkdə böyüyəndə gözəl əməllərə sahib bir oğul istəmişdi.  Cənab Allah da (c.c) İbrahim peyğəmbər və xanımı Hacərə bir övladlarının dünyaya gələcəyini müjdələmişdi. Beləcə İsmayıl dünyaya gəlmiş, bu balaca körpə İbrahim və Hacər ailəsinin sevimlisi olmuşdu.
Aradan illər keçmiş, İsmayıl yetkinlik yaşına çatmışdı. İbrahim peyğəmbər arxa-arxaya röyasında oğlu İsmayılı qurban kəsdiyini görürdü. O bu röyanın nə mənaya gəldiyini, bu röya ilə ondan nə istəndiyini bilmək istəyirdi. Röya ilə gələn mesajın haqq bir mesaj, ilahi bir buyruq olduğunu bilirdi. Ancaq röyanın dili açıq və aydın deyil, pərdəli olduğu üçün mənasını elə hey düşünürdü. Hətta İbrahim peyğəmbər gördüyü bu röyaları oğlu İsmayıla da  danışmış, ondan fikir almışdı.
İsmayıl da atasının röyasının nə mənaya gəldiyi, bu röya ilə əslində ondan nə istənildiyinin yorum və təbirini deyə bilməsə də: "Sənə əmr ediləni et. Məni də səbr edənlərdən görəcəksən" demişdi. Bu ifadəsi ilə İsmayıl atasının onu qurban olaraq kəsilməsinə razılıq verirdi. Yəni o əslində belə deyirdi: "Ey atam! Əgər röyada gördüyün mənim şəxsimdə bir rəmz və məcaz deyilsə, mənim şəxsimdə başqa məna ifadə etmir, elə birbaşa məni qurban etmək səndən istənirsə, sən bunu icra et, mən bu əmrə qarşı itaətkar və səbrli olacam".
Cənab Allah tarix boyu öz elçi və peyğəmbərlərini cəmiyyəti islah etmək, pis vərdişlərdən uzaqlaşdırmaq, bir sözlə cəmiyyətin pozulan balansını yenidən bərpa etmək üçün göndərmişdir. Burada da İbrahim peyğəbmərin əli ilə sanki o dövrün cəmiyyətinə cərrahi əməliyyat edilmiş, insanların, uşaqların kiməsə vəya nəyəsə görə qurban edilmələri, bu vəya digər formada hansısa tanrılar uğruna qurban edilib öldürülmələrinə son verilmişdir. Digər bir ifadə ilə, əslində İbrahim peyğəmbər bütün insanlığı qurtarmış, xilas etmişdi".
İbrahim oğluna bu qissəni danışır, həm də bir yandan göz ucu ilə oğulunun diqqətinin harada olduğuna nəzər yetirdi. Vədə yetişmiş, belə bir mövzu açılmışkən oğluna qədərincə bilgi vermək istəyirdi... Axı hər bir bilgi yemək kimidir. Qədərincə olmasa, artıq verilsə israf olar... Oğulunun diqqətlə dinlədiyini görəndə sözə bir az da davam edib yekunlaşdırmaq qərarına gəldi...
O sözə belə davam etdi...
- İbrahim və İsmayıl peyğəmbərlər öz nəfslərindən, öz canlarından keçərək belə bir əmri icra etməyə hazır idilər. Bu həm də onların Allaha nə dərəcədə təslimiyyət içərisində olduğunu göstərirdi. Həmçinin dövrün ab-havası, adət-ənənəsi, içində yaşadıqları cəmiyyətin sahib olduğu düşüncə və təfəkkür onların həmin röyanı bu cür anlamalarına, yəni həqiqətən də bir insanın kəsilərək qurban ediləcəyinə inanmışdılar. Halbuki burada yerə yatırılıb kəsilmək istənən İsmayıl deyil, balansı pozulan o dövrün cəmiyyətindəki pozğun inanış və əqidə idi.
Əslində bu ata-oğul bizim kimi bir bəşər, yəni acan, susayan, digər insanlar kimi insani duyğulara sahib olan şəxslər idi. Ancaq İbrahim Allahın seçdiyi bir peyğəmbər, İsmayıl da yenə bir peyğəmbər namizədi idi. Bir sözlə onlar xüsusi missiya və vəzifə üçün seçilmiş şəxslər, elçilər idilər.
İnsan dünyaya nəsil ağacından hansısa xüsusiyyətləri genlər vasitəsilə alıb gətirdiyini istisna etsək demək olar ki tək və əli boş gəlir. Yenə insanın dünyadan köçüb getməsinə nəzər salsaq yenə əli boş gedir. Bu dünyadan heç nə aparmır. Əlbəttə göz qabağındadır ki, zəngin və ya kasıb olmasından asılı olmayaraq müsəlman adətinə görə insanı qəbrə yalnız bir neçə metrlik kəfənlə dəfn edirlər. Ancaq gəl gör ki bu həqiqətən belədirmi?
Görəsən insanlar hansı arzu və həvəsləri, hansı bitməyən  istəkləri ilə dəfn olunurlar? Zahirən heç nə aparmasalar da, sanki insanlar o dünyaya bu dünyadan bir dünya dolusu arzu və istəklə gedirlər. Axı dünyaya yalnız gəlmiş və yenə yalnız gedəcəkdik?! Ən azından zahirən bu belə görünür. Əslində "Xəlilullah" olmaq, Allah dostluğu məqamına yüksəlmək məhz burada başlayır. Apardığımız o qədər ağır yükü necə daşıyacağıq? Nə etməliyik ki, o dünyaya olduqca xəfif və daşınması asan yüklə gedək? Hətta bu elə yük olsun ki, bizə o dünyada bir kömək və azuqə olsun.
Bu məqamda qarşımıza Qurban ibadəti çıxır. Hansı ki bu ibadət yoxsullara, fəqirlərə ət payı verməklə yanaşı həm də nəfsin təmizlənməsini, Allaha qərib (yaxın) olmağı, dünyaya bağlanmamağı, gəmi misalındakı kimi suyu gəminin içinə almamagı simvolizə edir.
Bu sözlərin ardından artıq vaxtın gec olduğunu İbrahim də anlayırdı. Söhbət açılmışkən bu qədəri yetərli idi. İsmayılın da yuxusu gəlirdi. Anası Hacər xanım da ata-oğul arasındakı bu söhbəti onlarla birgə masada oturaraq maraqla dinləyirdi...
Artıq səhər olmuşdu. Hər yanda quşların cıvıltı səsləri eşidilirdi. Qurban bayramının ikinci günü idi. Birdən İsmayılgilin qapısı astaca döyülməyə başladı. İsmayılın anası Hacər xanım qapını açdı. Qonşu uşaqlardan biri kəsdikləri Qurban ətindən onlara da bir pay gətirmişdi.
Hacər dedi: "Oğlum, biz də Qurban kəsmişik. Bizim payımızı gətirəcəklər. Sən evində əti olmayanlara ver".

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top