Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib.
Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.
"Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.
Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
***16:00
Sumqayıtda marşrut avtobusunda sürücü ilə sərnişin arasında insident baş verib.
Yeniavaz.com Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başından vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.
İlkin məlumata görə, hadisə sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə görə baş verib. Qadın yüngül xəsarət alıb. Hazırda vəziyyəti yaxşıdır.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.