Rusiyalı jurnalist Vladimir Solovyov “Dağlıq Qarabağın xarici işlər naziri” kimi təqdim etdiyi David Babayana efir vaxtı ayırdığına görə Azərbaycandan üzr istəyib.
Yeniavaz.com xəbər verir ki, Solovyov verilişində çıxışı zamanı deyib:
“Mən böyük siyasi səhv etdim, çünki Qafqazda baş verən çox mürəkkəb sistemdə qüvvələr balansını pozdum. Əlbəttə, əgər Qarabağ təmsilçisini çağırmışdımsa, o zaman balansı saxlamaq və bunu düzgün etmək üçün dərhal Azərbaycan təmsilçisini də çağırmalı idim. Mən sadəcə bir-bir etməyə çalışırdım. Bu alınmadı və məsələdə həm bir tərəflə, həm də digər tərəflə razılaşmaq lazım idi ki, jurnalist obyektivliyi olsun. Beləliklə, hazırda vəziyyət olduqca çətindir. Mən bir dəfə Azərbaycan prezidenti ilə danışmaq şərəfinə nail olmuşam, 44 günlük müharibədən sonra belə söhbətlər olmayıb. Bir daha təkrar edirəm, Azərbaycan tərəfinin öz sözünü deməsi üçün istənilən səviyyədə efir vaxtı verməyə hazıram və təbii ki, ilk növbədə bu regionda sülh və əmin-amanlığı yüksək qiymətləndirirəm. Ona görə də federal efirdə 44 günlük müharibə zamanı etdiyimiz kimi iki tərəfin eyni vaxtda mövqeyini ifadə etməyə imkan verməyərək, bu mövzunu işıqlandırarkən obyektivlik qaydalarına əməl etmədiyim üçün üzr istəyirəm. Bu, şübhəsiz ki, mənim siyasi səhvimdir, ona görə də üzr istəyirəm”.