“Daxili İşlər Nazirliyinin bəzi rəsmi şəxsləri, eyni zamanda DİN-in “Təhlükəsiz şəhər” kameraları ilə bağlı vəsatətlərim təmin edilməyib”.
Bir qrup şəxs tərəfindən girov götürüldüyünü, təhdid, təhqir və fiziki zorakılığa məruz qaldığını bildirən ictimai fəal Bəxtiyar Hacıyev bu sözləri işlə bağlı hüquq-mühafizə orqanlarında gedən proses barədə Yeniavaz.com-a danışarkən deyib.
O bildirib ki, hazırda ölkə xaricindədir və Bakıda olduğu vaxt işlə bağlı yeniliklərin olub-olmamasını öyrənmək üçün istintaq orqanına müraciət edib:
“Mən son 3 həftədir ard-arda səfərlərdə oluram. Bakıda olduğum günlərdə istintaq orqanı ilə əlaqə saxlayıb yenilik olub-olmaması barədə məlumat almaq istəsəm də, mənə ümumi şəkildə “iş gedir” deyildi. Ancaq konkret şəxslərlə bağlı konkret istintaq hərəkətləri aparılması barədə vəsatətlərimin təmin edilib-edilməməsi barədə soruşduqda məlum oldu ki, məhz DİN-in bəzi rəsmi şəxsləri, eyni zamanda DİN-in “Təhlükəsiz şəhər” kameraları ilə bağlı vəsatətlər təmin edilməyib. Buna etirazımı bildirdim. Ümid edirəm ki, ölkədə olmadığım müddətdə bu istiqamətdə addımlar atılıb, əks halda bu cinayətin DİN tərəfindən törədilməsi şübhəsi daha da möhkəmlənəcək”.
B. Hacıyev bildirib ki, o, ölkə xaricində baş tutan görüşlərində də bu barədə müzakirələr aparır:
“İştirak etdiyim görüşlərdə də həm siyasətçilər, həm analitiklər, həm də digər şəxslərlə bu barədə müzakirələr aparırıq. Azərbaycan hakimiyyəti bu cinayətlə bağlı konkret addımlar atmayacağı təqdirdə mənə və digər fəallara, jurnalistlərə qarşı cinayətlər törətmiş və bu cinayətləri araşdırmamış şəxslərin bu addımlara görə beynəlxalq miqyasda müxtəlif təzyiq və cəzalara məruz qalması istiqamətində işləyəcəyik”.
Qeyd edək ki, Bəxtiyar Hacıyev aprelin 21-də Yasamal rayonu ərazisindəki M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində bir qrup şəxs tərəfindən girov götürüldüyünü, başına qara torba keçirilərək naməlum istiqamətdə aparıldığını, təhdid, təhqir və fiziki zorakılığa məruz qaldığını bildirib.
İctimai fəal onu girov götürən şəxslərin sosial şəbəkələrdə daxili işlər naziri Vilayət Eyvazovla bağlı paylaşdığı tənqidi postları zorla sildirdiklərini deyib. O bildirib ki, nazirlə bağlı tənqidlərini davam etdirəcəyi təqdirdə onu öldürməklə hədələyiblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır və yeni bir məlumat yoxdur.
Şahmərdan Əhmədli