Mərkəzi Aran Regional Təhsil İdarəsi onlayn və sosial mediada şagirdlərə dini mahnının oxudulmasına dair yayımlanan məlumatla bağlı açıqlama yayıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu məsələ Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.
Qeyd edilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb: "Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib".
***14:46
Azərbaycan məktəblərindən birində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Report-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnsını ifa edir. Görüntülər sosial şəbəkələrdə etiraza səbəb olub.