"Başıma qara maska keçirib qaçırdılar, təcavüz etdilər" - DİN-dən açıqlama


Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Razi Hümbətovun məhkəməsi zamanı polis tərəfindən saxlanılan və 1 aylıq inzibati qaydada həbs edilən MBH üzvü Elgiz Məmmədov ona işgəncə verildiyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə E. Məmmədov ötən gün Osmanqızı TV-nin canlı efirinə telefonla qoşularaq bildirib.
O iddia edib ki, onun işi ilə bağlı keçirilən məhkəmə prosesindən sonra başına qara maska keçirilib və naməlum istiqamətdə aparılıb. E. Məmmədov həmçinin iddia edib ki, həmin şəxslər ondan bir daha məhkəmə proseslərində iştirak etməməsini, həmin əraziyə gəlməməsini tələb edib və ona işgəncə veriblər.
MBH üzvü əlavə edib ki, həmin şəxslər ona dilə gətirilməyəcək işgəncələr veriblər: “Şalvarımı çıxarıb, təcavüz ediblər. Ondan sonra məni “15 sutka” deyilən müvəqqəti saxlanma mərkəzinə apardılar”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-un sorğusuna cavab olaraq verdiyi açıqlamada sözügedən iddiaları əsassız adlandırıb: “Əsassız, absurd iddialardır. Diqqəti öz üzərinə çəkmək məqsədi daşıyır”.
Qeyd edək ki, E. Məmmədov iyunun 18-də azadlığa buraxılıb. O polisə müqavimət göstərməkdə təqsirli bilinərək 1 ay müddətinə inzibati qaydada həbs olunmuşdu.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top