“Son günlər, xüsusilə, inanclı şəxslərin hüquqlarını müdafiə edərkən dünyəvi dünyagörüşün sahibləri tərəfindən təhqir olunuram, şərəf və ləyaqətim qəsdən alçaldılır. Hərçənd ki, özüm də bir hüquqçu olaraq iliyimədək sekulyar düşüncənin daşıyıcısıyam”.
Yeniavaz.com xəbər verir ki, bunu “Müdafiə xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi və icraçı direktoru Rüfət Səfərov bildirib.
“Sadəcə, dəfələrlə söylədiyimiz kimi, hüquq və azadlıq pozulanda əqidəyə, dini dünyagörüşə, siyasi mənsubiyyətə baxmırıq. Baxmamalıyıq da.
Bunu “Müdafiə Xətti” yox, yerli və beynəlxalq səviyyədə hüquq, qanun və norma diqtə edir.
Məxləs, təhqiri ifadə azadlığı kimi qəbul etmirəm, belə “dost”ları bloklayıram, hər kəsi ədəb çərçivəsində, mədəni müstəvidə müzakirəyə dəvət edirəm və ümidvaram ki, bu hərəkətimlə uğrunda çalışdığımız demokratik dəyərlərə zərbə vurmuram”, R. Səfərov qeyd edib.
Xatırladaq ki, “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadə 15 gündür aclıq aksiyası keçirir. Aclıq aksiyası keçirənlərin hüquqlarını müdafiə edən "Müdafiə Xətti" təşkilatının həmtəsisçisi Rüfət Səfərov bildirib ki, təmsil etdiyi təşkilat inanclı şəxslərin etirazlarında haqlı olduğunu düşünür.
“Çox heyif ki, insanların dini inancına qarşı Azərbaycan hakimiyyətinin davranışı qeyri-qənaətbəxşdir. Adamları qanunsuz mühakimə edirlər, onları illərlə azadlıqdan məhrum edirlər. Bu adamların vicdan məhbusu olması beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib”, - Rüfət Səfərov deyib.