TƏBİB Bakıda hündürmərtəbəli binada liftin qırılması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.
TƏBİB-dən bildirilib ki, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub.
Qeyd olunub ki, 1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib.
3 saylı Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet qoyulub.
***10:26
Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.
Yeniavaz.com Qafqazinfoya istinadən xəbər verir ki, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib.
Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.