“Xəzər Tibb Mərkəzi” tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “ELM 86 LT” MMC (VÖEN- 1505772971) olub.
“Xəzər Tibb Mərkəzi” dəftərxana və təsərrüfat xərclər üçün “ELM 86 LT” MMC-yə 30 min 673 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 31 min manatlıq tender müsabiqəsinin qalibi olan “ELM 86 LT” MMC tender elanından təxminən 4 ay əvvəl dövlət qeydiyyatına alınıb.
“Xəzər Tibb Mərkəzi” tender elanını 18.05.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 24.01.2022-ci il tarixində qeydiyyata alınıb.
Məlumat çün bildirək ki, dövlət qeydiyyatında alındıqdan qısa müddət sonra “ELM 86 LT” MMC müxtəlif dövlət qurumlarından ümumilikdə 186 min 241 manat 28 qəpik dəyərində 7 tender müsabiqəsinin qalibi olub.
“ELM 86 LT” MMC ilk dəfə dövlət qeydiyyatına alındıqdan cəmi 8 gün sonra (02.02.2022-ci il) “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin keçirdiyi tenderdə qalib olub.
Maraqlıdır ki, cəmi 8 gün əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Nizamnamə kapitalı 10 manat olan “ELM 86 LT” MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135”-də yerləşir. Qanuni təmsilçisi isə Axundov Elman Qulu oğludur.
Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində “ELM 86 LT” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda onlarla şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
“ELM 86 LT” MMC-nin qanuni təmsilçisi Axundov Elman Qulu oğlu eyni gündə, eyni ünvanda və eyni nizamnamə kapitalı ilə qeydə alınan daha 3 şirkətə - "GREEN STORM CORP" MMC, "STAR-08 LT" MMC və "GOLD PLANET LT" MMC MMC-lərin də rəhbəridir.
A. Cəfərov