“Rusiya gözləmədiyi yerdən də zərbə aldı. Ukraynanı işğal etmək cəhdi Rusiya üçün çox ağır nəticələr doğurur. Putin Rusiya əhalisini vəziyyətin yaxşılaşması üçün hələ 10 il gözləməyə elə-belə çağırmadı ki. Vəziyyətin pisləşdiyini o da görür”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.
Siyasətçinin sözlərinə görə, Rusiya neft, qaz bazarı ilə yanaşı silah bazarını da itirmək üzrədir:
“Rusiya son 5 ildə (2017-2021) dünya silah bazarında 18.6 faiz paya sahib olub. Maraqlıdır ki, Rusiya texnoloji baxımdan inkişaf etmiş ölkə olmasa da, silah bazarında 38,6 faizlə liderlik edən ABŞ-dan sonra ikinci gəlir. Rusiya silah ixracının 45 faizi aviasiyanın, 33 faizi hava hücumundan müdafiə sistemlərinin, 15 faizi zirehli texnikanın, qalanı da hərbi gəmilər və s. vasitələrin payına düşürdü.
Ukrayna ilə savaş Rusiya silahlarına ciddi anti-reklam oldu. Uzun illər reklam edilmiş Rusiya döyüş təyyarələri, o cümlədən ən son model döyüş təyyarələri və helikopterləri Qərbin Ukraynaya verdiyi heç də son model olmayan silah sistemlərilə asanca vurulur.
Bir hərbçinin çiynində gəzdirə bildiyi, çox da bahalı olmayan silahlarla asanca vurulan döyüş təyyarəsinə, helikopterə digər dövlətlər nəyə görə 80-50 milyon dollar pul ödəsinlər?
Ukrayna ilə savaşda çox reklam olunan Rusiya hava hücumundan müdafiə sistemləri də özünü doğrultmadı. Təsəvvür edin ki, savaşdan əvvəl keçmiş Sovet istehsalı olan cəmi 79 ədəd Su model (Su-24, Su-25, Su-27) və 37 ədəd Miq -29 tipli döyüş təyyarəsi olmuş Ukraynanın aviasiyası hələ də tükənməyib. Günü bu gün də Ukrayna aviasiyası Rusiya mövqelərinə ciddi zərbələr vurur. Dünyanın 2-ci ordusu 4 aya yaxın müddətdə müasir aviasiyası və hava hücumundan müdafiə vasitələri olmayan Ukraynanın hava məkanında nəzarəti hələ də ələ keçirə bilməyib. Bu vəziyyəti bütün dünya da görür. Ona görə də Rusiya silah ixracının 33 faizini təşkil edən hava hücumundan müdafiə sistemlərinin də imici ciddi şəkildə zədələndi”.
Həmçinin oxuyun: Vergi borcu olan şirkət Maliyyə Nazirliyinə tualet kağızı satacaq
Ə. Kərimli qeyd edib ki, Rusiya tanklarının və zirehli texnikasının xarizmasını onsuz da Bayraktarlar Qarabağ və Suriya savaşında cızmışdı, nə qədər asan hədəf olduğunu bütün dünyaya nümayiş etdirmişdi:
“Ukrayna ilə savaşda da Qərbin Javelin və NLAW kimi tank əleyhinə silahları nümayiş etdirdi ki, Rusiya tanklarına, digər zirehli texnikasına böyük pullar xərcləmək mənasız işdir. Rusiyanın zirehli texnika bazarı da ciddi zərbə almış oldu.
Ukraynanın yerli istehsalı olan Neptun raketləri Rusiya Qara Dəniz Donanmasının flaqman gəmisi "Moskva" kreyserini və daha bir neçə böyük döyüş və desant gəmilərini vurandan sonra Qara dənizdə guya bütövlükdə NATO qüvvələrinə qarşı durmalı olan Rusiya donanması Ukrayna sahillərindən maksimum uzaqda durmağa çalışır. Bununla da Ukrayna ilə savaşda Rusiya döyüş gəmiləri də anti-reklam olundu. Ukraynanın öz yerli istehsalı olan raketlərlə asanlıqla vurula bilən Rusiya döyüş gəmilərinə 1 milyard dollara qədər pulu kim və nəyə görə versin?
Bütün bunlara görə Ukrayna ilə savaş Rusiyaya gözləmədiyi yerdən də zərbə vurdu. Savaşa başlayarkən Putin ümid edirdi ki, savaş zamanı əsas siyasi məqsədlərilə yanaşı, həm də Rusiya silahını dünyada reklam etmiş olacaq. Ancaq tam əksi oldu. Ukrayna savaşının ortaya çıxardığı gerçəkliklər Rusiyanın dünya silah bazarındakı yerini xeyli dərəcədə sarsıdacaq. Rusiya neft, qaz, kömür bazarı ilə yanaşı silah bazarını da xeyli dərəcədə itirəcək”.