“Yaxşılıq insana özünü qazandırır” - Psixoloq


Budəfəki psixologiya mövzumuz yaxşılıq etmək, xoşniyyətli olmaq və bunun insana qazandırdıqları barədə olacaq. Mövzu ilə bağlı həmsöhbətimiz uşaq və yeniyetmələrlə iş üzrə psixoloq, NLP Master Rübabə Mərdanovadır.

- Yaxşılıq etmək, xeyirxah olmaq insana nə qazandırır?
- Yaxşılıq ilk növbədə insana özünü qazandırır. Yaxşılıq edən insanın vicdanı mənən rahat olur. Rahat olan insan da ətrafına daha çox rahatlıq bəxş edir. Yaxşılıq dost qazandırır, sevgi qazandırır, hörmət qazandırır. Yaxşılıq insanı yetkinləşdirir. Yaxşılıq edən insan inanın ki, yaxşılıq görən insanla eyni hissləri yaşayır. Necə ki, birinə yaxşılıq edəndə onun gözünün parladığını görürük, eynilə yaxşılığı edən də bu hissləri yaşayır və zövq alır. Bu, hər iki tərəfi də xoşbəxt edir. Burada əslində kiməsə böyük məbləğli hədiyyə verməkdən söhbət getmir, birinə gülümsəmək, xoş davranmaq, ona vacib olduğunu hiss etdirmək də yaxşılıqdır. Nəticədə isə göstərilən xoş davranış iki insan arasında emosional bağ yaradır.
Yaxşılıq etmək antidepresant təsir göstərir. Yaxşılıq edən zaman beyin bizi sakitləşdirən, yaxşı hiss etdirən serotonin hormonu ifraz edir. “British Columbia University”də yaxşılıq və təşviş duyğusu arasındakı əlaqəni araşdırmaq üçün təcrübə həyata keçirilib. Araşdırmada həftədə ən azı 6 dəfə yaxşılıq edən, təşviş duyğusu yüksək olan insanlarda 1 ayın sonunda təşviş hissinin azaldığı müşahidə edilib. Yenə həmin universitetdə aparılan başqa bir araşdırmada insanlara gün ərzində 50 dollar xərcləmək tapşırılıb. Günün sonunda pulu özünə nəsə almaq əvəzinə başqalarına xərcləyənlərin daha xoşbəxt olduqları ortaya çıxıb. Yaxşılıq edən, yaxşılıq görən və buna şahid olan hər 3 insanda beyində oksitasin hormonu artır. Bu hormon qorxunu, stersi, təşvişi azaldır. "Sevgi" hormonu da adlanan bu hormon qan dövranını qaydaya salır, ürəyin işini yaxşılaşdırır, inam hissini artırır.

- Yaxşılıq, xeyirxahlıq insana anadangəlmə verilən xüsusiyyətdir, yoxsa zamanla da yaxşı olmaq mümkündür?
- Yaxşılıq hər insanın fitrətində olan xüsusiyyətdir. İnsan bu dünyaya saf, təmiz gəlir. Zamanla böyüdüyümüz mühit, ətrafımızdakı insanlar, davamlı təkrarlanan davranışlar bizdə xarakter formalaşdırır. İnsan yaxşı və pis xüsusiyyətlərin məcmusundan ibarətdir. Yaxşılıq etmək öyrənilən bir davranışdır. Ətrafımız, ailəmiz bizə bəzi davranışları nə qədər çox sərgiləyirsə, biz də onu qəbul edir və qarşıdakı insanlara tətbiq etməkdə maraqlı oluruq.

- Hər üzümüzə gülən insan yaxşı, xeyirxah insandırmı? Ümumiyyətlə, yaxşı insanları biz hansı keyfiyyətlərinə görə ayıra bilərik?
- Elə bir dünyada yaşayırıq ki, hər kəs olduğundan bir az fərqli görünməyə çalışır. İnsanların özünü, həqiqi üzünü, düşüncələrini, istəklərini gizlədiyi bir zamanda onları tanımaq, niyyətlərini anlamaq üçün bilməli olduğumuz şeylər var. Bir insanı, onun niyyətini tam olaraq anlaya biləcəyimiz bir texnika yoxdur. Ancaq ən azı müəyyən ölçüdə qarşımızdakı insanın niyyətini anlaya bilərik. Bunun üçün ilk növbədə qarşıdakı insanın dediyinə deyil, etdiyinə baxmalıyıq. Çünki insanlar həmişə olduğundan fərqli görünməyə çalışırlar. Bu, manipulyasiya, özünüreklam da ola bilər. Lakin insanın təbiətində təbii olaraq da qarşı tərəfə ən yaxşılarını göstərmək istəyi var. Ona görə də, bu insanın başqaları ilə münasibətinə, keçmiş, gələcək davranışlarına baxmaq, müşahidə etmək vacibdir. Bir insanın niyyətini anlamaq üçün ən yanlış yol onun özündən soruşmaqdır. Çünki özü haqqında əsasən müsbət fikirlər deyəcək və bu da doğru olmaya bilər. Ondan başqaları haqqında soruşun, onlar haqqında düşüncələrinə diqqət edin, tərifləyirmi, pisləyirmi? Bir insanın niyyətinin təmiz olub-olmadığını onu sınağa çəkməklə öyrənmiş ola bilərik. Məsələn, əvvəllər bəzi müdirlər işə götürdükləri insanları yoxlamaq üçün belə bir şey edirdilər. Harasa bir yerə pul qoyurdular ki, görsünlər bu insan o pulun sahibsiz olduğunu görüb mənimsəyəcək, yoxsa o barədə məlumat verəcək. Belə bir üsulun tətbiqi indi uyğun olmaz, çünki insanlar ayıq-sayıqdırlar və özlərini belə bir əmələ qurban verməzlər. Verdiyimiz bu misalı tətbiq edə bilməsək belə, bir insanla etibarlı münasibət formalaşdırmaq üçün müəyyən qədər riskə getməliyik. Yeni tanış olduğunuz bir insana bəlli miqdarda vaxt ayıra bilərsiniz. Ona bəlli ölçüdə borc pul verə bilərsiniz, amma bu bizə zərər verməyəcək şəkildə olmalıdır. Və sonunu gözləmək lazımdır ki, o insan aldığına sadiq qaldımı? Belə üsullarla yaxşı, dürüst insanı ayırd edə bilərik. Biz insanı kiçik şeylərdə müşahidə etməklə də, onun necə biri olduğunu öyrənə bilərik. Məsələn, bir insanın heyvanlara, təbiətə olan münasibətini öyrənərək onun necə biri olduğunu görə bilərik. Heyvanları incidən, bitkilərə verən insan təbii ki, insanlara qarşı da eyni olacaq. İnsan əsl simasını uzun müddət gizləyə bilməz, müəyyən müddət maskalansa da, sonradan onun əsl üzünü görə biləcəyik. Bir insan heyvana qarşı qəddar davranıb, insana qarşı mərhəmətli ola bilməz.

- Barak Obama nitqlərindən birində deyir ki, “Güclü insan olmaq həm də xeyirxah olmaq deməkdir. Yaxşılıq və mərhəmətin zəifliklə əlaqəsi yoxdur”. Həqiqtən də, yaxşı insanlar güclü insanlardırmı?
- Bu sualda bir neçə xüsusiyyətdən danışılır. Güclü olmaq, xeyirxahlıq, yaxşılıq, mərhəmət, zəiflik. Biz güclü insan dedikdə çox vaxt ağlımıza fiziki güc gəlir. Amma əslində biz bilirik ki, insan o fiziki gücü ilə öyünərək tam qalib gələ bilməz. Fiziki güclə özündən zəifi vurmaq, döymək və ona qalib gəlmək olar. Ağlı işlətmədən, insana bəxş edilən müsbətlərdən istifadə etmədən heç vaxt tam qalib olmaq olmaz. Həqiqətdə də güclü insan yaxşılığı bacaran, insanlara faydası olan, mərhəmətli insandır. Ümumiyyətlə, psixologiyadakı empatiya anlayışı mərhəmətlə çox üst-üstə düşür. Amma empatiya özünü başqasının yerinə qoymaqdır. Onun nə hiss etdiyini hiss etməkdir. Mərhəmətli insan da məhz elə ona görə mərhəmətlidir ki, o, qarşısındakının düşdüyü vəziyyətdə çəkdiyi acını hiss edə bilir. Bilir ki, bir insan bu çətinlik qarşısındadırsa, o nə yaşaya bilər və bunu düşünərək ona kömək etməyə çalışır. Buna görə də, yaxşılığın, mərhəmətin zəifliklə əlaqəsi yoxdur. Sadəcə olaraq, yaxşılıq, mərhəmət kimi görünən davranışlar ola bilər ki, buna zəiflik demək olar. Yəni, necə? Bir insanın başqasından nə isə bir umacağı varsa, qorxduğu bir şey varsa, ona yaxşı olmağa çalışır, özünü yaxşı göstərməyə çalışır, mərhəmətli imiş kimi davranır ki, özünün daxilində yatan və başqalarının görməsini istəmədiyi digər tərəflərini ört-basdır etsin. Belə olan halda əlbəttə ki, insan bu cür mənfiləri olduğu üçün zəif insandır. Bunu da biz həqiqi yaxşılıq və mərhəmət hesab edə bilmərik. Həqiqi yaxşı insanlar güclü insanlardır. İnsan bu həyatda nə verirsə, onu da alır. Mən buna inanıram. Ona görə də, insan yaxşını verdiyi üçün həyatda da yaxşını almaq imkanına sahib olur. Bu da insanı güclü edir. Mənən rahat olan insan xoşbəxtdir. Belə bir fikir var, “Güclülük insanı xoşbəxt etməyə bilər, ancaq xoşbəxtlik insanı güclü edə bilər”.

- Başqalarını həqiqi mənada dinləməklə, onun yerinə hər hansı fikir irəli sürməməklə o insana nə qədər yaxşılıq etmiş oluruq?
- Burada söhbət aktiv dinləmədən gedir. Dinləmə bir mədəniyyətdir. Bir insanı dinləyərkən həm aktiv dinləmə mümkündür, həm də passiv dinləmə. Passiv dinləmə odur ki, qarşı tərəf bizi yalnız dinləyirmiş kimi görünür. Gözü bizim üzümüzdədir, əslində isə fikrində biz dayanan kimi bizə hansı sualı verəcəyini və ya nə deyəcəyini düşünür. Bu adam bizi dinləmir. Aktiv dinləmə isə həqiqətən danışanı dinləmədir. Elə mədəniyyət dediyimiz dinləmə forması da budur. Bir insan sənin üçün danışır. Mən daha çox uşaqlarla işlədiyim üçün valideynlərə həmişə bunu tövsiyə edirəm ki, uşağı aktiv dinləyin. Bildirirəm ki, bunun üçün uşağın göz səviyyəsində əyləşin və elə danışın. O danışdıqca onu dinlədiyinizi göstərmək üçün başınızı tərpədin. Hansısa jestlər, mimikalar olmalıdır ki, uşaq onu dinlədiyinizi hiss etsin. Hərdən bəzi “aha”, “bəli” kimi ifadələr də işlətmək lazımdır. Yəni, onun danışığına uyğun olaraq nələrisə demək aktiv dinləmədir. Qarşıdakını aktiv dinlədiyiniz zaman o özünün vacib olduğunu hiss edir və başa düşür ki, qarşıdakı insan onun danışıqlarına, özünə biganə deyil. Təbii ki, burada onu sona kimi dinlədikdə tam dinləmiş oluruq. Əgər arada onun sözünü kəsər, iki sözdən bir hansısa dediyinə qarşılıq verəriksə, bu, istər-istəməz effektiv ünsiyyəti korlayar. Siz onu axıra kimi dinlədikdən sonra hansısa bir tövsiyənizi verə bilərsiniz.
Burada siz həm də sual verirsiniz ki, bunu etməklə o adama nə qədər yaxşılıq etmiş oluruq? Hər insanın bir dinləmə ehtiyacı var və o bu ehtiyacını ödəmiş olur. Mən lap ilk cümlədə də dedim ki, yaxşılıq etmək təkcə nəyisə almaq deyil. Hətta bunu davamlı etmək o insanı mənfi vərdişlərə də alışdıra bilər. Yaxşılıq həm də birinə təbəssüm etmək, birini dinləmək, birinin dinləmə ehtiyacını qarşılamaqdır. Bu gün insanlarımız niyə bu qədər aqressivdirlər, həyatdan küskündürlər? Çünki insanlar bir-birilərini dinləmirlər. Bəzi insanlar ancaq öz dediklərini yeridirlər, amma qarşı tərəfi eşitmirlər. Bu gün tənha insanların sayı artır. İnanın ki, hər gün bir insanı dinləmək ona ən böyük yaxşılıq olar. Bəzən mütəxəssislərin yanına psixoloji vəziyyəti ağır pasient gəlir və ilk görüşdən sonra özünü çox yaxşı hiss etdiyini deyir. Halbuki, birinci dəfə biz onu ancaq dinləyirik. Elə ürəyini boşaltmaq özü böyük bir şeydir. Beyində olan fikirlərin sözə çevrilməsi o fikirləri unutdurur. Yəni, neqativ söz və fikirləri bu şəkildə unutmuş oluruq. Məhz bu səbəbdən insanları dinləmək çox vacib məsələdir.

- Pisliyə xeyirxahlıqla cavab vermək insanın özünə və qarşı tərəfə nə qazandırır?
- Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir. Əslində, pisliyə yaxşılıqla cavab vermək həmin insandan yetkinlik tələb edir. Çünki biri bizə qarşı pislik edibsə, istər-istəməz bizim düşüncəmizdə ona qarşı neqativ fikir formalaşacaq və o adamı görmək istəməyəcəyik, ən yaxşı halda onu görməməzliyə vuracağıq. Əgər içimizdə nifrət hissi varsa, o bizim özümüzə qarşı çevriləcək. Birinə qarşı nifrət hissi bəsləmək zəhəri özün içib başqasının ölümünü gözləməkdir. Pisliyə yaxşılıqla cavab vermək isə bizim yetkin obrazımızı ortaya qoyur. Erik Berinin eqo vəziyyətləri nəzəriyyəsi var. İnsan istər uşaq olsun, istər böyük eqo vəziyyətində ola bilir. İnsan o zaman tam dolğun qərarlar verə bilir ki, o, yetkin eqo vəziyyətindədir. Hər şeyə balanslaşdırılmış şəkildə yanaşır. Bu, insana nə qazandıra bilər? Birinə yaxşılıq etdikdə bu bizə nə verir, qarşı tərəfə nə verir? İnsanda özünə qarşı müsbət fikir formalaşır. Birindən qorxaraq, çəkinərək yaxşı davranış göstərmək xeyirxahlıq deyil. Amma əgər həqiqətən insan olaraq  pislik qarşısında yaxşılıq edərək böyüklüyünü qoruyursansa, onda özünəinamın da artır. Əksər hallarda sənin etdiyin bu yetkinlik qarşı tərəfi əməlindən peşiman olmağa da sövq edə bilər. Yəni, qısacası bununla qarşı tərəfə şüuraltı təsir etmək də olar.

- Mövzu ilə bağlı əlavə etmək istədiyiniz sual varmı?
- Son vaxtlar qarşılaşdığım və cavablandırmaq üçün ümumi bir fikir formalaşdırdığım belə bir sual var. Birinə yaxşlıq etmək münasibətlərimizi poza bilərmi? Bəzən insanlar kiməsə yaxşılıq edirlər və deyirlər ki, həmişə özümü fəda edirəm. Hamının köməyinə çatıram. Niyə mənə bir “sağ ol” deyən yoxdur? Niyə qarşıma ancaq pis insanlar çıxır? Başıma nə gəlirsə, yaxşılığıma görə gəlir. İkinci qrup insanlar deyirlər ki, “filankəs mənə bir yaxşılıq edib, indi də qarşısında qul olmağımı istəyir”. Burada belə görünür ki, iki qrup insan var. Biri özünü fəda edən, digəri ancaq alan tərəf. Əslində, bu iki tip bizim özümüzdə də ola bilər. Biz hansısa bir insana qarşı müəyyən məqamda fədakar ola bilərik, başqa bir vaxtda isə davamlı kömək alan və buna heç “sağ ol” deməyən insan da ola bilərik. Bəzən övlad öz valideyninə deyir ki, “mən səndən xahiş etməmişdim ki, məni saxla, böyüt. İndi də hər şeyi başıma vur”. Yəni, dediyim kimi biz hər iki qrupda ola bilərik. Bütün yaxşılıqlar qarşılıqsız və həqiqidir deyə bilmərik. Birinə işimiz düşübsə, onun köməyinə ehtiyacımız varsa, ona nə isə bir hədiyyə ala bilərik. Loru dildə desək, “hörmət” edə bilərik. Övladımızın müəlliminə hədiyyə ala bilərik. Bax, bu əslində yaxşılıq deyil. Hədiyyəni alan adamı da gözükölgəli edir. Ancaq ən doğma insanlarımıza qarşı edilən yaxşılıqlar bir başqadır. Sevgidən edilən yaxşılıqdır. Təbii ki, ən yaxın insanlar arasında da belə bir şey ola bilər ki, edilən yaxşılıqlar səmimi olmasın. Əksər hallarda ata-ananın övladı üçün etdikləri səmimi olur, qarşılıq güdülmür. Bayaq qeyd etdiyim kimi övlad bəzən elə düşünə bilər ki, valideynim bunu ona görə edir ki, bizə minnət etsin. Amma inanın ki, heç bir insan bizə sonradan pislik etmək üçün yaxşılıq etməz. Yaxınlarımız arasında belə insanlar ola bilər, amma bu onu göstərmir ki, bütün insanlar belədir. Çünki biz bilmirik ki, qarşı tərəf bizə yaxşılıq edəndə nə düşünüb edir. Bizə edilən yaxşılığın əvəzində təşəkkür etməliyik. Öz düşüncələrimizlə o insanın düşüncələrini şərh etməməliyik. Əsas məsələ budur. Kimlər ki, daxilən aciz insandır, özünü dəyərsiz hiss edir ona bir yaxşılıq edəndə mütləq orada öz acizliyini görəcək. Düşünəcək ki, mənə nəyə görə yaxşılıq etsinlər? Axı mən yaxşılığa layiq deyiləm. Ən yaxın insanlarımız bizdən nəyisə istəyirsə, bu o demək deyil ki, etdiyi yaxşılığı başımıza qaxır. O sevdiyi üçün yaxşılıq edib və yaxınımız kimi bizdən nə isə istəyir. Amma nə olursa-olsun edilən yaxşılığa yaxşılıqla cavab vermək sonrakı həyatımız üçün də mühüm faktordur. Ümumiyyətlə isə insan bu həyatda əldə etdiklərinin əvəzində nə qədər şükür edirsə, minnətdarlıq bildirirsə, mütləq daha çox yaxşılıqla qarşılaşır. Müsbətlər həmişə müsbəti, mənfilər isə həmişə mənfini gətirir.

- Gənclərə və yeniyetmələrə mövzu ilə bağlı tövsiyələriniz…
- Yeniyetməlik, ilk gənclik dövrü elə bir dövrdür ki, onlar axtarışdadır. Onların duyğularına əhəmiyyət verilməyəndə təbii ki, mənfi davranışları üzə çıxır. Valideynlərə də həmişə deyirəm ki, bizim övladlarımıza ən böyük yaxşılığımız onları anlamağımız olar. Onların duyğuları ilə empatiya qurmağımız olar. Yeniyetmə və gənclərlə görüşdə isə onlara deyirəm ki, ola bilər sizə verilən məsləhətlər sizi qıcıqlandırsın. Amma inanın ki, heç vaxt nə valideynləriniz, nə müəllimləriniz heç biri sizin gələcəyinizin pis olmasını istəmir. Sadəcə olaraq, onların davranış və ifadələri doğru seçilməmiş ola bilər. Onlar da bir vaxt sizin yaşda olublar, bilirlər ki, bu dövrdə insan çox xəyallar qurur və ardınca getmək istəyir, amma doğru qərar qəbul etmək üçün inandığınız insanın da dəstəyi lazımdır. Burada ortaq bir yol olmalıdır. Yeniyetmənin fərdi xüsusiyyətlərini nəzərə alaraq ona yanaşmaq lazımdır. İndi texnologiya dövrü olduğu üçün dostluqlar, tanışlıqlar da virtual olmağa başlaıyıb. Ona görə də, insanlar arasında yaxşılığın yayılması çətinləşib. Bunları nəzərə alaraq, yaşlılarla gənclər arasında, yetkin insanlarla yeniyetmələr arasında effektiv münasibət qurmaq lazımıdır. Yeniyetmə və gənclərə tövsiyəm odur ki, yaxşılığın insana təsirini yoxlamaq üçün birinə xoş söz deyin, birinə xoş münasibət göstərin, təbəssüm edin, əlamətdar günündə diqqət göstərin və bunu edərkən onun gözünə baxın...

Aygün Zayıdova,
Fraza jurnalı

DİGƏR XƏBƏRLƏR

Top