ABŞ büdcə xərclərini maliyyələşdirmək üçün Ukraynaya 7,5 milyard dollar təqdim edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın Kiyevdəki səfiri Bricit Brink Baş nazir Denis Şmıqal ilə görüşdən sonra tviterdə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın 7,5 milyard dollar həcmində birbaşa büdcə dəstəyi Ukraynanın bundan sonra da güclü qalmasını təmin edəcək.
Bununla yanaşı, səfir həmin vəsaitin hansı ehtiyaclara sərf olunacağını açıqlamayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden ötən ay Ukraynaya təxminən 40 milyard dollar həcmində əlavə yardım ayrılması barədə qanunu imzalayıb. Onun 20 milyard dolları birbaşa hərbi yardıma yönələcək. Kiyev 40 milyardlıq iqtisadi yardım paketindən artıq bir milyard dollar alıb. Daha 7,5 milyard dollar qrant yardımı yaxın vaxtlarda daxil olacaq.
Baş nazir Denis Şmıqal aprel ayında bildirmişdi ki, yaxınmüddətli perspektivdə Ukraynaya ayda 4-5 milyard dollar maliyyə dəstəyi lazımdır. Maliyyə naziri Sergey Marcenkonun dediyinə görə, Ukrayna büdcəsinin gəlir hissəsinin yalnız üçdəbiri ölkənin öz mənbələri hesabına formalaşır, qalan hissəsini isə xarici qrantlar və kreditlər təşkil edir.