Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “CEŞMƏ-MM” MMC (VÖEN – 1405822961) olub.
Qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi hədiyyə suvenirlərinin, döş nişanlarının və plaketlərin satın alınması məqsədilə 21.04.2022-ci il tarixində kotirovka sorğusu elan edib.
Tender müsabiqəsinin qalibi olan “CEŞMƏ-MM” MMC bu elandan təxminən 3 ay əvvəl – 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 6 min 377 manat 50 qəpik ödəniləcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 16, m. 9-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğludur.
Maraqlı məqamlardan biri də odur ki, “CEŞMƏ-MM” MMC dövlət qeydiyyatına alındıqdan cəmi 15 gün sonra “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən elan olunan tender müsabiqəsində (Kotirovka sorğusu) qalib olub.
Dezinfeksiya Mərkəzi mətbəə xidmətlərinin alınması məqsədilə 08.02.2022-ci il tarixində tender elan edib. Tenderin qalibi olan “CEŞMƏ-MM” MMC isə 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 47 min 995 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 15 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Tenderlə bağlı diqqət çəkən digər bir məqam isə odur ki, bu ilin yanvar ayının 24-də “CEŞMƏ-MM” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda (Sahib Zeynalov, ev 16, m. 9) qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğlunun olduğu daha 4 şirkət yaradılıb. “CEŞMƏ-MM” MMC-nin qanuni təmsilçisi olan Məmmədov Xoşbəxt Mirzə oğlu eyni zamanda "BRANKO" MMC (VÖEN - 1405821351), "STERRATO" MMC (VÖEN - 1405820841), "ENRIKE" MMC (VÖEN - 1405820971) və "ALFONS" MMC-lərin (VÖEN -1405821071) də rəhbəri olub.
Məlumat üçün qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi və “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” tərəfindən qısa müddət əvvəl də oxşar tenderlər keçirilib.
Aşağıdakı linklərə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:
Müdafiə Nazirliyi 4 günlük şirkəti tenderin qalibi etdi - Fotofakt
Daha bir müəmmalı tender – Bu dəfə Müdafiə Nazirliyində... – TƏFƏRRÜAT
A. Cəfərov