Ramiz Mehdiyevə bağlı şirkəti məhkəməyə verdilər – Aralarında Ramiz Rövşən də var...


Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "KASPİAN TELEKOM" MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com
xəbər verir ki, "KASPİAN TELEKOM" MMC-yə qarşı məhkəmə iddiası “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi tərəfindən qaldırılıb.
Bu ilin mart ayından qaldırılan iddia üzrə daha əvvəl 4 dəfə iclas təyin olunsa da baş tutmayıb. Növbəti məhkəmə iclasının 31.05.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəyi bildirilir.
Məhkəmə iddiası əqli mülkiyyət hüquqi ilə əlaqədar mübahisələrlə bağlı qaldırılıb.
Məlumat üçün bildirək ki, "KASPİAN TELEKOM" MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. "KASPİAN TELEKOM" MMC eyni zamanda “Ailə TV” kabel televiziyası və “Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.
Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, "KASPİAN TELEKOM" MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber optik infrastruktura malik olan və SWİFT xidmətini göstərən ən böyük şirkətdir.
28.07.2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı “İstiqlaliyyət küçəsi, ev 11, m. 17”-də yerləşir.
Qeyd edək ki, “İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kəmalə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.
"KASPİAN TELEKOM" MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.
Ramiz Mehdiyevə bağlı olduğu bildirilən "KASPİAN TELEKOM" MMC-ni məhkəməyə verən “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi isə 17.05.1999-cu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis edilib. Hazırda İctimai Birliyin İdarə heyətində Ramiz Rövşən, Siyavuş Kərim, Ramiz Həsənoğlu kimi Azərbaycanın tanınmış şəxsləri yer alır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top