Hər iki hadisə ilə bağlı yenilik yoxdur - DİN


Xəbər verdiyimiz kimi, may ayının 8-də tanınmış jurnalist Aytən Məmmədova yaşadığı binanın liftində bıçaqlı hücuma məruz qalıb. Aprelin 21-də isə ictimai fəal Bəxtiyar Hacıyev bir qrup şəxs tərəfindən girov götürülüb, təhdid, təhqir və fiziki zorakılığa məruz qalıb.
Birinci hadisə Aytən Məmmədovanın Binəqədidəki 9-cu mikrorayonda yaşadığı binanın liftində baş verib.
Bəxtiyar Hacıyev isə onun Yasamal rayonu ərazisindəki M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində girov götürüldüyünü və başına qara torba keçirilərək naməlum istiqamətdə aparıldığını bildirib.
İnsanların sıx məskunlaşdığı ərazidə baş verən hər iki hadisənin də qeydə alındığı dəqiq vaxt bəllidir. Nəzərə alsaq ki, hazırda paytaxtda təhlükəsizlik kameralarının nəzarətində olmayan çox az ərazi var, bu onu deməyə əsas verir ki, sözügedən hadisəni törədənlər həmin kameralardan bir neçəsində lentə alınıblar. Lakin artıq Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalmasından 1 həftə, Bəxtiyar Hacıyevin girov götürülməsindən isə 25 gün keçdiyi halda, saxlanılan heç kim yoxdur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a verdiyi açıqlamada bildirib ki, hər iki məsələ araşdırılır və yeni bir məlumat olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcək.
Sosial şəbəkələrdə polisin sözügedən hadisələrin araşdırılmasına laqeyd yanaşması ilə bağlı iddialar səsləndirilir. May ayının 14-də paytaxın Fəvvarələr Meydanında bu və buna oxşar hadisələrə diqqət çəkimək məqsədilə bir qrup jurnalist, ictimai fəal və hüquq müdafiəçisi yürüş keçirib, polisin fəaliyyətini tənqid edib.
Xatırladaq ki, jurnalist Aytən Məmmədova ona qarşı edilən bıçaqlı hücumun birbaşa peşə fəaliyyəti ilə bağlı olduğunu bidirib. O, Tovuzun Dondarquşçu kənd sakini Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəmə proseslərini işıqlandırdığı üçün daha əvvəl də təhdidlərlə üzləşdiyini deyib.
B. Hacıyev isə onu girov götürən şəxslərin sosial şəbəkələrdə daxili işlər naziri Vilayət Eyvazovla bağlı paylaşdığı tənqidi postları zorla sildirdiklərini deyib. O bildirib ki, nazirlə bağlı tənqidlərini davam etdirəcəyi təqdirdə onu öldürməklə hədələyiblər.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top