Azərbaycanın tarixi Qaraqoyunlu dövlətinin yaradıcısı Qara Yusifin Türkiyənin Ərciş şəhərindəki məzarı və türbəsi dağılmış vəziyyətdədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, Van gölünün şimalında, Ərciş şəhərində yerləşən türbənin son vəziyyəti çox bərbad haldadır.
Sosial şəbəkələrdə həmçinin türbənin son vəziyyətini əks etdirən fotolar da paylaşılıb.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Yeniavaz.com-a açıqlama verilib.
“Əsasnaməyə uyğun olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan, ölkə sərhədləri daxilində daşınmaz mədəni-tarixi abidələrin bərpası, qorunması, mühafizəsi ilə bağlı məsələlərdən məsuldur. Ölkə xaricində olan hər hansı abidənin təmir-bərpası, restavrasiya olunması üçün təşəbbüslə çıxış etmək səlahiyyətində deyil”, - açıqlamada bildirilib.
Qeyd edək ki, Qara Yusif Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı (1389-1420), Qaraqoyunlu tayfasından olan 2-ci sultan (1413-1420), Qaraqoyunlu tayfa birliyinin 2-ci başçısı Qara Məhəmmədin oğlu və Qaraqoyunlu Azərbaycan dövlətinin yaradıcısıdır.