“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Azərbaycanda bəzi dövlət qurumlarının Prezidentin fərmanına əməl etmədiyini iddia edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında iddia edib ki, aidiyyəti fərman olmasına baxmayaraq vergi və gömrük qurumları kitab və kağız məhsullarına görə ƏDV tələb edir:
“Necə olur ki, qanun qəbul olunur, amma dövlət qurumları bu qanuna əməl etmir. Vergilər Məcəlləsinə dəyişiklik oldu, Prezident fərman imzaladı, deyildi ki, yanvar ayından kitab və kağız məhsulları 18 faiz ƏDV-dən azad ediləcək. Amma hansı dövlət qurumuna gedirsən, deyir, ƏDV ödəməlisən. Gömrük gətirilən kitabdan, kağızdan ƏDV istəyir, Vergilər satış hesabatlarından ƏDV tələb edir. Nə baş verir?! Dövlət qurumları fərmanı nəzərə almırlarmı? Ya o dəyişiliklər gözdən pərdə üçün idi? Əziz vergi və gömrük qurumları, qanun daha çox sizin üçün qəbul edilib, siz əməl etməsəniz, heç kim və heç bir qurum bunu icra etməyəcək. Siz əməl etmirsinizsə, bu artıq anarxiyadır, hüquqi nihilizmdir”.