Mingəçevirdə məktəb direktorları və hərbi rəhbərlərlə görüş olub


Mingəçevirdə şəhər ümumtəhsil məktəblərinin direktorları və hərbi rəhbərləri ilə görüş olub.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir 13 saylı tam orta məktəbin akt zalında keçirilən tədbir FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti mövzusunda olub. Qeyd olunub ki, işğalçı Ermənistan otuz il ərzində əzəli torpaqlarımızı viran qoymaqla yanaşı, həmin əraziləri mina və digər hərbi sursatla çirkləndirib. İşğaldan azad olunan ərazilərdə hazırda minatəmizləmə əməliyyatlarının fasiləsiz davam etdirildiyini və dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız hələ də bu ərazilərə qanunsuz səfərlər etməyə cəhd göstərirlər. Bu baxımdan təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi çox əhəmiyyətlidir. Belə tədbirlərin əsas məqsədi məktəblilərin, eləcə də valideynlərin mina və partlamamış hərbi sursatlara dair biliklərinin artırılmasının təmin edilməsindən ibarətdir. 
“Mina təhlükəsinə dair maarifləndirmə” mövzusunda  Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xidmətinin pirotexnik və istekam hazırlığı şöbəsinin rəisi kapitan Süleyman Heydərov çıxış edərək bildirib:
“Nəinki torpağa, hətta ağacların, beton konstruksiyaların, dirəklərin üzərinə bərkidələcək şəkildə istehsal olunan minalar da var. Ərazidə işləyərkən mənfur düşmənin xislətini görmək mümkündür. Minaların basdırılması və istifadəsi üçün xüsusi təlimatlar var ki, düşmən bu təlimatlara uyğun yox, sürpriz vəziyyətdə onları qurub. Partlayışın dalğasını artırmaq üçün tank əleyhinə minaların üzərinə piyada əleyhinə minalar yerləşdiriblər".
Kapitan bildirib ki, hər hansı bir ərazidə partlamamış hərbi sursatlar gördükdə onlara qəti şəkildə toxunulmamalıdır. 
Tədbirdə digər çıxış edənlər “Açıq dərs”lərin keçirilməsinin əhəmiyyətindən daşıraq bildiriblər ki, əsas məqsəd təhsil müəssisələrinin müəllim-şagird heyətinin ,valideyinlərin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. Tədbirdə Mingəçevir Təhsil  şöbəsinin müdirəvəzi Zamik Cəbiyev, Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi, kapitan Süleyman Heydərov, Vətən Müharibəsində iştirak edən müəllimlər, Qazilər, hərbi hazırlıq müəllimləri və məktəb direktorları iştirak ediblər.
Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top