İlkin Süleymanov polisə: "Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə..."


Gəncə şəhər Nizami Rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Yeniavaz.com "trend"ə istinadla xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun qonşusu, həmin küçədə mağaza işlədən Şamil Vəliyev ifadə verib. Şahid bildirib ki, ibtidai istintaqda ondan İlkin Süleymanovun əleyhinə ifadə almağa cəhd göstərilib.

“Məndən tələb edirdilər deyim ki, Nərmin itkin olduğu dövrdə İlkin məndən “Pampers” alıb. Dedim ki, axı heç o mağazada “Pampers” satmıram, necə deyim? Tələb edirdilər ki, de, görən olub”, - Vəliyev deyib.

O bildirib ki, Süleymanovu sakit təbiətli biri kimi tanıyıb.

Şahidin sözlərinə görə, bu gün də kənddə yaşayanlar, o cümlədən özü bu cinayəti İlkinin törətdiyinə inanmır:

“Heç kiminlə işi yox idi. Gündə üç-dörd dəfə qapıya çıxıb siqaret çəkərdi, evə girərdi. Bacısı müəllimdir, onun yanına hazırlaşmaq üçün hər gün nə qədər uşaq gəlir. Yəni evlərində adam çox olur həmişə”.

Şahid bildirib ki, meyit yandırılan yer onun mağazasının yan hissəsində yerləşir:

“Hadisə vaxtı – 2020-ci il yanvarın 6-da axşam saat 20 radələrində mağaza bağlı olub. Çünki mən qonşu kəndə, qayınanamgilə getmişdim. Həmin gün mağazanı bir qədər tez bağlamışdım. Buna baxmayaraq, yanvarın 7-də axşam saat 23 radələrində məni Tovuz Rayon Polis Şöbəsinə aparıblar, bir də yanvarın 9-da səhər saat 7-də buraxdılar. Yanvarın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxlanılmışam. Gecə saat 8-də gəlib, İlkini kamerada qandallayıb apardılar”.

Təqsirləndirilən şəxs İlkin Süleymanov deyib ki, həmin gecədən başlayaraq, ona dözülməz işgəncələr verilib və nəticədə, yanvarın 10-na keçən gecə uşağı oğurlayıb öldürməsi barədə ondan tələb olunan ifadəyə imza atıb.

Şahid Vəliyev deyib ki, hadisə vaxtı mağazada müşahidə kamerası olmayıb:

“Lakin şöbədən buraxılandan dərhal sonra kamera quraşdırdım. Hadisədən bir müddət sonra Nərminin yaxınları Süleymanovların evinə hücum etmişdilər. Kamera bu görüntüləri qeydə almışdı. Amma hadisədən sonra mağazaya gələn polislər kameranın yaddaş hissəsini götürüb aparıblar. Təxminən üç-dörd saat sonra qaytarıblar. Mənim başım çıxmır, bu işi biləndən xahiş elədim, gəlib yenidən quraşdırdı. Bilmədim ki, oradan nəyi siliblər”.

Şahid əlavə edib ki, Tovuz Rayon Polis Şöbəsində üç ay onun özünü də incidiblər, aparıb-gətiriblər.

Məhkəmədə Tovuz Rayon Polis Şöbəsinin əməliyyatçıları Turqut Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif İsmayılov da dindiriliblər. Onlar bildiriblər ki, yanvarın 10-da Süleymanovun cinayəti törətməsi etirafından sonra onun hadisə yerinə aparılmasında iştirak ediblər. Polislər iddia edirlər ki, Məmmədovun avtomobilində Süleymanov onlara meyiti niyə yandırması, həyətlərində basdırmayıb, öz evlərinin qarşısına atmasının səbəbini izah edib.

“Mən baş əməliyyat müvəkkiliyəm, marağıma görə ona sual verdim ki, niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Bildirdi ki, itlər axtarış zamanı gəlib tapa bilərdi deyə ona görə öz bağımızda basdırmadım, oraya atdım. Onu da dedi ki, uşağı kitab vermək adıyla aldadıb evə gətirib. Sonra bu işin səs-küyü qalxdığına görə qorxusundan buraxmayıb”, - Məmmədov deyib.

Təqsirləndirilən İlkin Süleymanov isə bildirib ki, hadisə yerində kamera ilə çəkiliş aparılarkən təzyiq altında uşağı kitab vermək adıyla aldatması, ölmüş insanın ağrı hiss etmədiyinə görə meyiti yandırması haqda ifadə verib. Amma avtomobildə belə söhbət olmayıb.

“Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə üzüstə yerə yıxdılar. Əllərim qandallı, səhərə qədər dizüstə saxladılar, o vəziyyətdə yeriməyə vadar elədilər?” - Süleymanov polislərdən Rəhimliyə belə deyib.

O isə təkzib edib, Süleymanovun yalan danışdığını, ona qarşı heç bir təzyiqin olmadığını bildirib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva qətlə yetirildikdən sonra onun yandırılmış meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

DİGƏR XƏBƏRLƏR

Top