Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri təhsil ocağının qarşısında avtobus dayanacağının yığışdırılacağından şikayətçidirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə universitet tələbələrinin sosial şəbəkələrdə müraciəti yayılıb.
Adını qeyd etməyən tələbə bildirib ki, universitetlə "Xaliq Faiqoğlu MMC" şirkəti arasında yaranan anlaşmazlığa görə BMU qarşısında avtobus dayanacağı olmayacaq:
“Cəmi 2 marşrut keçirdi, onlar da daha keçməyəcək, marşruta minmək üçün uzun məsafə piyada yeriməliyik. Marşrutlar artıq “Riyad” ticarət mərkəzinin yanına qədər gələcək. Tələbəyik, hər dəfə taksilərlə də gedib gələ bilməyəcəyik. Magistral yolun kənarı ilə piyada getmək özü çox böyük təhlükədir. Rəhbərlik tələbələri düşünmədən şirkətlə problem çıxarır və burdan da əziyyət çəkən tələbələr və işçilər olacaq. Onsuz universitetin mərkəzdən uzaq olması bizə çox çətindir, bir də gecə vaxtı dərsdən çıxanda o qədər yolu piyada getmək məcburiyyətində qalacağıq”.
Tələbə qeyd edib ki, problem marşrut sürücülərinin çay içmək üçün, maşınları yumaq üçün istifadə etdiyi suyun universitetə aid olmasıdır:
“Universitet suyun istifadəsinə görə problem çıxarıb”.
Şikayətlə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev Yeniavaz.com-a bildirdi ki, sözügedən məsələ araşdırılıb:
“Hər hansı bir dayanacaq məntəqəsinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Buna görə də tələbələrin və pedoqoji kollektivin narahatlığına əsas yoxdur”.