Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “RIVERA-333” MMC (VÖEN – 1405818561) olub.
Qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi baner üzərində çap işlərinin, laminatın, orqanik şüşənin, diaqlaz materialın, vinil üzərində çap işlərinin satın alınması məqsədilə 18.02.2022-ci il tarixində kotirovka sorğusu elan edib. Tender müsabiqəsinin qalibi olan “RIVERA-333” MMC bu elandan təxminən bir ay əvvəl – 21.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 37 min 560 manat ödəniləcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Asif Məhərrəmov, ev 66. m. 56-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi İbrahimov Siyasət Rasim oğludur.
Maraqlı məqamlardan biri də odur ki, Asif Məhərrəmov, ev 66. m. 56-da yerləşən, nizamnamə kapitalı 20 manat olan və qanuni təmsilçisi İbrahimov Siyasət Rasim oğlunun olduğu “RIKON-TT” MMC (VÖEN – 1405820151) adlı şirkət “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsində (Açıq tender) qalib olub.
Dezinfeksiya Mərkəzi nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin alınması məqsədilə 04.02.2022-ci il tarixində açıq tender elan edib. Tenderin qalibi olan “RIKON-TT” MMC bu elandan 10 gün əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 129 min 626 manat 50 qəpik ödəniləcək.
Göründüyü kimi heç bir təcrübəsi olmadığı halda eyni hüquqi ünvanda yerləşən, eyni şəxsin rəhbərlik etdiyi 2 şirkət 2 fərqli dövlət qurumuna 2 fərqli sahədə iş və xidmətlər təqdim edəcək.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən çox qısa müddət əvvəl yaranan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Diqqət çəkən daha bir məqam odur ki, “RIKON-TT” MMC və “RIVERA-333” MMC-lərin qeydiyyatda olduğu hüquqi ünvanda - Nəsimi rayonu, Asif Məhərrəmov, ev 66. m. 56-da qısa müddətdə onlarla şirkət qeydiyyata alınıb. Hazırda bu şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları yaranıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanda vətəndaşların etibarından sui-istifadə edərək onların adına şirkətlər qeydiyyatdan keçirən mütəşəkkil cinayətkar şəbəkə barədə məlumat vermişdik.
Aşağıdakı linkə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:
Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar – FAKTLAR
A. Cəfərov