05 aprel 2022-ci il tarixində (saat 12:20) yeniavaz.com saytında yayımlanan “Partlayış olan gecə klubunun əsl sahibi bu şirkətdir – TƏFƏRRÜAT” başlıqlı yazıda “Location” gecə klubunu icarəyə götürən “Merser food” MMC-nin Rusiyada fəaliyyət göstərən “Merser” şirkəti və iş adamı Mişiyev Adil Rafiq oğlu ilə əlaqələrindən bəhs olunub.
Yazıda haqqında bəhs olunan Mişiyev Adil Rafiq oğlunun yaxınları yeniavaz.com-a bildirdilər ki, iş adamının erməni əsilli Samvel Osepyanla heç bir əlaqəsi yoxdur. Bildirilir ki, 2014-cü ildə Rusiyanın Vladimirskaya vilayətində qeydiyyata alınan “Rodnik” şirkətində (VÖEN- 3306017688) Adil Mişiyevlə birgə Samvel Osepyanın təsisçi (hər birində 50%-lik pay) kimi göstərilməsi yerli orqanların tələbi olub. İş adamının yaxınları bildirirlər ki, Adil Mişiyev bundan xəbərdar olduqdan sonra etiraz edib və erməni əsili şəxslə ortaq heç bir iş görməyib: “Qeydiyyatdan keçdikdən sonra şirkətin heç bir dövriyyəsi olmayıb. Şəriklik yalnız kağız üzərində olub. Artıq, şirkətin ləğvi ilə bağlı tapşırıq verilib”.
05.04.2022 saat 12:20
Xəbər verdiyimiz kimi, Bakıda “Location” gecə klubunda baş verən partlayışa görə üç nəfər saxlanılıb.
Yeniavaz.com Baş Prokurorluğun açıqlmasına istinadən bildirir ki, saxlanılan şəxslər arasında obyekti icarəyə götürən “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.
Məlumat üçün bildirək ki, obyekti icarəyə götürən “Merser food” MMC 18.09.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Rəşid Behbudov, ev 65, m 61-də yerləşən MMC-nin qanuni təmsilçisi Kərimli Nurlan Mahir oğludur.
Kərimli Nurlan Mahir oğlunun rəhbərlik etdiyi daha bir şirkət 27.03.2017-ci ildə dövlət qeydiyyatına alınan “Merser” ASC adlanır. Nizamnamə kapitalı 4 000 manat olan “Merser” ASC-nin hüquqi ünvanı Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16B-də yerləşir.
“Merser food” MMC qeydiyyatından 10 gün sonra 28.09.2018-ci il tarixində Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16B ünvanında “Merser Trade” MMC adlı daha bir şirkət də qeydiyyatdan keçib və bu şirkətin qanuni təmsilçisi Yusubov İsrail Arzu oğludur.
Yusubov İsrail Arzu oğlu 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınan 3 şirkətin də qanuni təmsilçisi olub. Həmin şirkətlərdən birinin – “Is Consumer Products” MMC-nin (əvvəlki adı "Is Chemıcal”) qanuni təmsilçisi Səfərli Orxan Məhərrəm oğlu da gecə klubundakı partlayışa görə saxlanılıb.
Yusubov İsrail Arzu oğlu eyni zamanda "Is Group" və "Isr Group” MMC-lərin də qanuni təmsilçisi olub.
20 iyun 2016-cı ildə dövlət qeydiyyatına alınan “Isr Group” MMC 4 ay sonra - 9 noyabr 2016-cı il tarixində ləğv olunduğunu açıqlayıb.
Məlumat üçün onu da qeyd edək ki, Yusubov İsrail Arzu oğlu eyni zamanda Moskva şəhəri, Lublınskaya küç. ev 47 ünvanında qeydiyyata alınan “Merser” şirkətinin təsisçisi və rəhbəridir. Şirkət 9 sentyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətin 2021-ci il üçün gəlirləri 10 milyon 551 min rubl (140 min dollar) olub.
Maraqlı və diqqət çəkən məqamlardan biri odur ki, İsrail Yusubov təxminən 10 gün əvvəl - 24 mart 2022-ci il tarixində “Merser” şirkətinə rəhbərlik edir. Daha əvvəl şirkətə Yusubov Pərviz Qabil oğlu rəhbərlik edib. Şirkətin ilk rəhbəri və təsisçisi isə Mişiyev Adil Rafiq oğlu olub.
Onu da bildirək ki, Mişiyev Adil Rafiq oğlu Rusiyada çoxsaylı şirkətlərin təsisçisi və rəhbəridir. Adil Mişiyevin rəhbərlik etdiyi şirkətlərdən biri də 2014-cü ildə Rusiyanın Vladimirskaya vilayətində qeydiyyata alınan “Rodnik” şirkətidir (VÖEN- 3306017688). Bu şirkətin 50%-lik payı Adil Mişiyevə, 50%-lik payı isə Samvel Osepyana məxsusdur.