Korrupsiya ilə bağlı cinayət işində təqsirləndirilən Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyan ölkəni tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
“Qasparyan getməmək barədə yazılı öhdəlik götürüb, lakin yanvarda ona məlumat verilib ki, baş prokurorun tapşırığı ilə iş əlavə istintaqa göndərilib. Eyni zamanda məhkəmədə onun barəsində daha bir işə baxılır, lakin bu, onun ölkədən çıxmasına mane olmayıb”, - məlumatda bildirilib.
Nəşrin məlumatına görə, Qasparyan Moskvadadır. Qəzetə Baş Prokurorluqdan bildirilib ki, məhkəmə Qasparyanın xaricə müalicə üçün getməsinə icazə verilməsi ilə bağlı vəkillərinin vəsatətini təmin edib. Prokurorluq buna qarşı çıxsa da, məhkəmə icazə verib.
Xatırladaq ki, daha əvvəl Ermənistan Baş Prokurorluğu keçmiş polis rəisi Vladimir Qasparyan və ailəsinin qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə olunması üçün məhkəməyə müraciət edib. İyunun 30-da məlum olub ki, Qasparyanın əmlakına “Qanunsuz mənşəli əmlakın qanunsuz müsadirə edilməsi haqqında” qanuna əsasən yoxlanılması zamanı həbs qoyulub. Sabiq polis rəisinə eyni anda bir neçə maddə - “çirkli pulların yuyulması”, “mənimsəmə və ya israf etmə”, “vəzifə saxtakarlığı”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham irəli sürülüb. Müstəntiqlərin fikrincə, o, 4 milyon dolları mənimsəyib.