“Bu günlərdə Naxçıvan şəhərində Novruz bayramı münasibətilə ucuz qiymətə kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunub. İndi isə məlum olur ki, fermer və ailə təsərrüfatları bu yarmarkaya öz mallarını çıxarıb, ucuz satmağa məcbur edilirlər”.
Yeniavaz.com xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup yerli fermer məlumat verib. Onların bildirdiyinə görə, mallarını dəyərindən ucuz satmağa razı olmayan bəzi fermerlər həbs olunmaqla hədələniblər.
Şərur rayon sakini Qədim Nuriyev deyir ki, Naxçıvan İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi bu yarmarkalara məhsul çıxarılması öhdəliyi icra hakimiyyətlərinə tapşırılır. Onlar isə, yerli icra nümayəndəliklərini məcbur edirlər ki, yarmarkaya məhsul çıxarmasını təşkil etsinlər:
“Hər bayramda bu cür məcburi yarmarkalar təşkil olunur. Bizi məcbur edirlər ki, məhsulumuzu maya dəyərindən də ucuz sataq. Mən bu dəfə razı olmadım. Çünki, bu il onsuz da çox ziyan etmişdim. Polis zəng edib, yarmarkaya məhsul çıxarmayacağım təqdirdə, məni həbs etməklə hədələdi. Məcbur pul verib, maşın tutub, tələb olunan məhsulu apardım yarmarkaya. Bizim hesabımıza Vasif Talıbovu təbliğ edirlər. Guya onun uğurlu siyasəti nəticəsində Naxçıvanda ucuzluqdur”.
Şahbuz rayon kəndlərindən birinin adının çəkilməsini istəməyən icra nümayəndəsi deyir ki, o fermerləri məcbur edə bilmədiyindən, öz pulu ilə məhsulu baha qiymətə alıb, yarmarkaya çıxarıb:
“Bizə konkret göstəriş veriblər ki, nə yolla olursa olsun, yarmarkaya məhsul çıxarılmalıdır. Ucuz qiymətə satılmalıdır deyə, heç kim məhsulunu çıxarmaq istəmir. İcra nümayəndələrinin hərəsi bir yolla fermerləri yarmarkaya çıxmağa məcbur edir. Mənim belə şeylərə üzüm gəlmir. Axı fermerlər də insandı, ailələrini dolandırmalıdırlar. Ona görə də, məcbur qalıb, hər il olduğu kimi, bu il də məhsulları öz pulumla baha qiymətə alıb, yarı qiymətinə yarmarkaya çıxartdırdım. 300 manat ziyana düşdüm. Bu cür məcburi yarmarkalar sovet dövrünü xatırladır”.
Alıcılar isə, yarmarkaya çıxarılan məhsulların keyfiyyətsizliyindən şikayət edirlər. Naxçıvan şəhər sakini Gülnar Qasımova deyir ki, yarmarkada keyfiyyətli məhsul tapmağa çətinlik çəkib:
“Bu cür yarmarkalar o vaxt sərfəli olardı ki, təsərrüfatçıların ziyanını dövlət kompensasiya edəydi. Onları öz mallarını ucuz satmağa məcbur edirlər. Onlar da çox ziyana düşməsinlər deyə, nisbətən keyfiyyətsiz məhsulları yarmarkaya çıxarırlar. Biz onları başa düşürük və qınamırıq”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən fermerlərin iddialarını təkzib etdilər:
“Biz heç kimi heç nəyə məcbur etmirik. Fermerlər öz xoşlarına, sevinə-sevinə məhsullarını yarmarkaya çıxarırlar. Bu iddiaları Naxçıvanın inkişafını gözü götürməyənlər səsləndirə bilər”.
Bu il Novruz yarmarkasına 181 ailə təsərrüfatı müxtəlif çeşitli məhsullar çıxarıb. Bunlar tərəvəz, ət və ət məhsulları, şirniyyat, quru meyvələr və digər məhsullardır.