Bakıda XIX əsrə aid tikilinin yerində “novostroyka” ucaldılacaq - FOTOLAR


“Bu günlərdə qəzəblənən sakinlər məni Qarabağ küçəsinə, “Yaşıl bazar”ın arxasına dəvət etdilər. Orada daha bir tarixi binanı, XIX əsrin sonlarına aid memarlıq abidəsini sökürlər: bu yerdə “pilot” hündürmərtəbəli binalar tikiləcək”.
Yeniavaz.com
xəbər verir ki, bunu Bakı Arxitektural Klubun təsisçisi və icraçı direktoru memar Elçin Əliyev sosial şəbəkə hesabında yazıb.
O bildirir ki, tarixi binanı qorumaq mümkün olmayacaq:
“Bəli, əlbəttə ki, təəssüf doğurur, amma başa düşürəm ki, simasız qutuların dəstə-dəstə qoyulduğu bir vaxtda 1893-cü ilin gözəl binasını qorumaq mümkün olmayacaq. Ancaq ağıllı, düşünən bir memara tapşırıq verilsəydi (əlbəttə ki, ağıllı sifarişçidən), o, sökülən səliqəli bir mərtəbəli binanı parlaq şəkildə yeni hündürmərtəbəli bina layihəsinə inteqrasiya edərdi - axı, yalnız tarixi fasad qiymətlidir, bunun arxasında isə ən azı 10 mərtəbə tikmək olar”.
Memarın sözlərinə görə layihə aidiyyəti dövlət qurumları tərəfindən bəyənilib:
“Lakin, bu gün belə maskarad memarlığını yaradan səriştəsiz “mütəxəssislər” çoxdur – bu cür binalar sökülən abidənin lap yaxınlığında yerləşir. Təəccüblüdür ki, belə bir səriştəsiz layihə həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həm də onun Baş Memarlıq və Planlaşdırma İdarəsi tərəfindən bəyənilib və həyata keçirilməsinə icazə verilib. Çoxəsrlik memarlıq tarixinə malik, ən məşhur memarlıq ustalarının çalışdığı bir şəhərdə bu günlərdə belə binaların inşası sadəcə olaraq utancdır”.
Paytaxtımızın tarixinə biganə, bu dəhşətə yol verən bürokratlar, şəhər mədəniyyətindən və müasir memarlığından xəbəri olmayan investorlar və belə aşağı dərəcəli binaların layihələndirilməsini həyata keçirən ortabab “memarlar” – hamısı, onların hərəkətləri və şəhərə oxşar münasibəti ilə “Bakı şəhərinin inkişafının vahid memarlıq konsepsiyası”ndan danışan ölkə Prezidentini eşitmirlər”.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edəndə qanunsuz tikililər məsələsinə toxunub. O bundan sonra Bakının vahid memarlıq konsepsiya əsasında inkişaf edəcəyindən əmin olduğunu bildirib.




DİGƏR XƏBƏRLƏR

Top