Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğun üstünü açıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə virtualaz.org saytı məlumat yayıb. Bildirilib ki, bununla bağlı Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu həbs edilib. Bakı Hərbi Məhkəməsi bildirir ki, zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu da həbs edilib. Zabit 450 min manatı mənimsəməkdə ittiham olunur. Bundan başqa, Əlizadə Vüsal Ədalət oğlu məhkəmənin qərarı ilə həbs edilib. Zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.
Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.