Lerik rayonunda dağ uçqunu nəticəsində yolu kəsən qaya parçası partladılıb. Ötən gecə Lerik-Qosmalian- Kəlvəz avtomobil yolunun 10-cu km-də “Dağlar qapısı” deyilən ərazidə təkrar baş verən qaya uçqunları nəticəsində bağlanmış yol hissə-hissə təmizlənib. Yol istismar idarəsinin texnika və canlı qüvvəsi bütün gecəni ərazidə təmizləmə işləri ilə məşğul olub. Onlar hərəkəti qismən bərpa edə biliblər. Sakinlərin sözlərinə görə, səhər saat 5 radələrində yolun üstündə böyük maneə olaraq qalaq nəhəng qaya parçası da dinamitlə partladılıb. Hazırda rayon mərkəzi ilə 50 yaşayış məntəqəsini birləşdirən yolda hərəkət normal şəkildə davam edir.
Report