Azərbaycanda milyonluq tenderləri kimlər “udur”? - Narkoman, oğru, sürücü... - ARAŞDIRMA


İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi Ardatyev Denis Aleksandroviçin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət edib.
Yeniavaz.com
 xəbər verir ki, məhkəmə iclası 17 yanvar 2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyilə keçiriləcək.
Məlumat üçün bildirək ki, Ardatyev Denis Aleksandroviç vergi ödəyicisi olan fiziki şəxs, ya da şirkət rəhbəri kimi məhkəməyə verilib.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə Ardatyev Denis Aleksandroviçin rəhbərlik etdiyi 5 şirkət (MMC) dövlət qeydiyyatına alınıb. Bu şirkətlərin hazırda (11.01.2022-ci il tarixinə olan məlumat) dövlət büdcəsinə 101 min 227 manat 58 qəpik vergi borcu var.

101 min manat vergi borcu olan MMC-lər barəsində açıq internet resurslarda məlumat yoxdur. Yalnız Bakı şəhər Baş Polis İdarəsinin 21.06.2019-cu il tarixində açıqladığı məlumatda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunan Denis Ardatyevin saxlanıldığı bildirilir.

2019-cu ildə polisin saxladığı Denis Ardatyev ilə bir gündə (20.11.2020) 5 şirkətin rəhbəri olan Denis Ardatyevin eyni şəxs olub olmadığı bilinməsə də, bu şirkətlərlə bağlı şübhəli məqamlar mövcuddur.
Belə ki, Denis Ardatyevin rəhbərlik etdiyi şirkətlərin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda – “Nizami rayonu, Yavər Səfərov ev 28. m. 28”də qısa müddətdə (19 ay ərzində) 285 şirkət (tam siyahı yazının sonunda yerləşdirilib) qeydiyyata alınıb. Bu şirkətlərin bir çoxuna eyni şəxslər rəhbərlik edir və onların adlarında da oxşarlıqlar var.
Xəbəri rus dilində oxuyun: Кто "выигрывает" миллионные тендеры в Азербайджане? - Наркоман, вор, водитель... - Расследование
“Nizami rayonu, Yavər Səfərov ev 28. m. 28” ünvanında qeydiyyatda olan MMC-lərin bir çoxunun adına yalnız tender müsabiqələrində rast gəlmək mümkündür. Bu MMC-lərin qısa müddət əvvəl təsis olunmalarına baxmayaraq hazırda dövlət büdcəsinə böyük həcmdə vergi borcları da var.
Məsələn, 10.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınan və Yakuşev Stanislav Ələskəroviçin rəhbərlik etdiyi 2 MMC-nin dövlət büdcəsinə 406 min 576 manat 23 qəpik vergi borcu var.


Adları qeyd olunan MMC-lər barəsində də açıq internet resurslarda məlumat yoxdur. Yalnız 2020-ci ildə müxtəlif elan saytlarında (tap.az, lalafo.az) Yakuşev Stanislav Ələskəroviçin sürücü kimi iş axtarmasına dair elanlar yer alıb.

Onu da qeyd edək ki, hansısa cinayət əməlinə görə saxlanılan şəxslərin rəhbərlik etdiyi şirkətlərin tenderlərdə qalib olması əvvəllər də qeydə alınıb.
Ötən ilin iyun ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən keçirilən 46 min manatlıq tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC olub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.
Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqli ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.
Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardır:

Rzaquliyev İrşad Elham oğlu ilə bağlı diqqət çəkən başqa bir məqam isə 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunan Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb.
Rzaquliyev İrşad Elham oğlunun saxlanılması ilə bağlı görüntülərə bu VİDEO-dan baxa bilərsiniz.  
Maraqlıdır ki, cəmi 19 ay ərzində “Nizami rayonu, Yavər Səfərov ev 28. m. 28” ünvanında qeydə alının 285 şirkətin dövlət büdcəsinə ümumilikdə 3 milyon manatdan çox vergi borcu var.







A.  Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top