Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verib.
Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, X.Vəliyev bildirib ki, onlara daxil olan məlumat əsasında 2017-ci ilin may ayında cinayət işi başlanıb: "İstintaq zamanı bir neçə adamın dövlətə xəyanət etdiyi sübut olundu və onlara ittiham verildi, məhkəmə məsuliyyətinə cəlb olunmaları üçün haqlarında ittiham aktları ilə birlikdə cinayət işləri məhkəmələrə göndərildi. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra həmin hökmlərdən apellyasiya və kassasiya şikayətləri verildi. Göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvədə saxlanıldı. Bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan bir neçə gün öncə dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.
Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qaşrı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. Mənim tələbimdə Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri ordakı şəxsləri müayinə etdi. Çox ciddi fiziki zorakılıq tədbirlərinə məruz qalanlar Mərkəzi Hospitala yerləşdirildilər. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Sonra barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrum etmə ilə bağlı hökmlər verildi. Onların hökmdə verdikləri şikayətləri apellyasiya və kassasiya instansiyaları təmin etmədi".