25 gün əvvəl yaranan şirkət tenderin qalibi oldu


Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Mornad-Az2020” MMC (VÖEN- 1904800111) olub.
Yeniavaz.com
xəbər verir ki, "Mornad-Az2020” MMC Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sifarişi əsasında bu quruma dəftərxana və təsərrüfat malları satacaq.  
Bu məhsullar üçün Mərkəz "Mornad-Az2020” MMC-yə 15 min 436 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, Gədəbəy Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tender müsabiqəsini bu ilin avqust ayının 20-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan "Mornad-Az2020” MMC tender elanından cəmi 25 gün əvvəl – 26.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. 
Cəmi 25 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi, ev 153, m. 18”-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Samir Fizuli oğludur.

DİGƏR XƏBƏRLƏR

Top