Şəki Mərkəzi Rayon Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Like Print” MMC olub.
Yeniavaz.com xəbər verir ki, "Like Print” MMC Şəki Mərkəzi Rayon Xəstəxanası sifarişi əsasında bu quruma çap məhsulları satacaq.
Bu məhsullar üçün Xəstəxana "Like Print” MMC-yə 35 min 319 manat 86 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, Şəki Mərkəzi Rayon Xəstəxanası tender müsabiqəsini iyul ayının 13-də elan edib.
Maraqlıdır ki, tenderin qalibi olan " Like Print" MMC tender elanından cəmi 10 gün əvvəl – 02.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi 10 gün əvvəl yaranan, bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı cəmi 5 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov, ev 17, m. 196-da yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Hikmət Firuz oğludur.