Ağstafada 8 yaşlı qıza işgəncələrin verilməsi araşdırılır – RƏSMİ AÇIQLAMA


Sosial şəbəkələrdə ögey anası tərəfindən işgəncələrə məruz qalmış 8 yaşlı qızın görüntüləri yayılıb.
Yeniavaz.com
xəbər verir ki, onun ögey anası tərəfindən işgəncələrə məruz qalmasını, kadrları lentə Alana qızın özü deyib. Kadrlarda azyaşlının bədəninin müxtəlif hissələrində zorakılıq izlərinin olduğu aydınca görünür. Balaca qız, kadrları lentə alanın sualları əsasında Səadət adlı ögey anası tərəfindən mütəmadi olaraq zorakılığa məruz qaldığını bildirib:
“Ürəyim bulandı, qusdum. Ona görə məni döydü. Həmişə döyür”.
Yayılan məlumatda həmçinin azyaşlıların nənəsinin faktın araşdırılması üçün Ağstafa rayon Polis Şöbəsinə müraciət etdiyi, lakin araşdırmanın yubadıldığı iddia olunur.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə məsələ ilə bağlı Yeniavaz.com-a bildirib ki, iki gün əvvəl uşaqların nənəsi Zəminə Həsənova tərəfindən DİN-in 102 zəng xidmətinə, daha sonra Ağstafa rayon polis şöbəsinə ərizə ilə müraciət olunub:
“Ərizədə vəfat edən qızının uşaqlarına ögey anası tərəfindən fiziki zorakılıq göstərildiyi qeyd olunub. Müraciətlə əlaqədar dərhal araşdırma başlanılıb. Qarşı tərəf, qadının özü, hətta uşaqlar da dəvət olunub və tərəflərin izahatları alınıb. Polisdən şikayətçiyə bildirilib ki, hadisə ilə bağlı tibbi ekspertizanın aparılması üçün nənənin ərizəsi lazımdır. Ekspertiza əsasında xəsarətin növü müəyyən olunmalı və araşdırma davam etdirilməlidir. Nənə isə heç bir şikayətinin olmadığını, uşaqlarını götürmək üçün belə etdiyini və nəvələrini götürərək Gəncə şəhərinə getdiyini bildirib”.
E. Qasımov bildirib ki, buna baxmayaraq hazırda Ağstafa polis şöbəsində araşdırma gedir:
“Yəqin ki, tezliklə məhkəmə-tibbi ekspertizası keçiriləcək. Digər aidiyyati qurumların əməkdaşları da dəvət olunacaq və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top