Xəbər verdiyimiz kimi, bu gün Baş Prokurorluq Təhsil Nazirliyinin tabeliyində olan 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin vəzifəli şəxsləri haqqında cinayət işinin başlanıldığını açıqlayıb. Prokurorluğun yaydığı rəsmi məlumatda məktəbin direktoru Gülnarə Abdullayevanın gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələrin yarandığı qeyd olunur.
Xatırladaq ki, bu ilin fevral ayında Yeniavaz.com-da dərc olunan "Kanalizasiyaya “axıdılan” milyonlar – ARAŞDIRMA" sərlövhəli yazıda İnteqrasiya Təlimli İnternat Məktəbinin elan etdiyi və onminlərlə manat vəsaitin xərcləndiyi içməli suyun alınması ilə bağlı müəmmalı tenderdən bəhs olunur. Əməkdaşımızın qələmə aldığı araşdırma tipli yazıda, "Dostluq Servis" MMC-nin 2020-ci ildə 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinə 20 min kubmetr içməli su satdığı qeyd olunur. Bildirilir ki, bu miqdarda suyun satın alınması üçün 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbi MMC-yə 80 min manat ödəyib. Rəqəmlərdən də göründyü kimi həmin tarixlərdə tender yolu ilə alınan 1 kubmetr içməli suya görə podratçı şirkətə 4 manat ödənilib. Bu isə “Azərsu” ASC-nin əhaliyə satdığı içəmli suyun qiymətilə (o zamanki qiymət 0,35 manat) müqayisədə 11,4 dəfə çoxdur.
Qeyd edək ki, prokurorluğun yaydığı rəsmi məlumatda məktəbin direktoru G. Abdullayevanın həmçinin, 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi və bu minvalla səlahiyyətlərindən sui-istifadə edib saxtakarlığa yol verməklə külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələrin yarandığı bildirilir.