Milli Parkdakı ceyran güllələnib? - VİDEO


Sosial şəbəkələrdə Şirvan Milli Parkında güllə yarası aldığı iddia olunan ceyranla bağlı görüntülər yayılıb. 

Yeniavaz.com xəbər verir ki, “Ecofront” səhifəsi tərəfindən paylaşılan görüntülərdə ayaqları bağlanmış ceyranın park ərazisindəki qamışlıqdan ölü tapıldığı bildirilir. İddia olunur ki, ceyran güllə ilə vurulub və gizlədilib, əl-ayağı bağlı olan heyvana hər hansı yardım göstərilməyib. 

Görüntülərlə bağlı Şirvan Milli Parkındakı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, dünən Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.  

Onun sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil: “Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir.

Populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil. Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.

Verilən açıqlamada ceyranın əl-ayağının niyə iplə bağlanması haqda detal əksini tapmayıb. 

DİGƏR XƏBƏRLƏR

Top