Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edildi - YENİLƏNİB


Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılıb.
E. Səlimov iclasda çıxış edərək əməlini etiraf edib, üzr istəyib.
İntizam komissiyası Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib və məsələ parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

***12:24
Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.
İclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılır.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, toplantıda komissiya üzvləri ilə yanaşı, Eldəniz Səlimovun özü də iştirak edir.

***09:00
Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.

Bu gün saat 12.00-da başlayacaq iclasda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə təqdimatına baxılacaq.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. //APA

DİGƏR XƏBƏRLƏR

Top