Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bəzi qanun layihələrinə dəyişiklik edilməsi barədə məsələlərə baxılıb.
Söhbət “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi layihələrdən gedir.
Dəyişikliyə əsasən adları sadalanan orqanlarda qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. Həmçinin həmin şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq nəzərə alınır.