Bu gün Qusarda böyük futbol bayramı yaşandı. Tədbir Qusar futbolunun ən tanınmış simalarından olan Kamran Əlibabayevin 50 illik yubileyinə həsr olunub.
Ölkəmizin bu dilbər guşəsinə Azərbaycan futbolunun xeyli sayda tanınmış simaları toplaşıb. Oqtay Abdullayev, Asim Xudiyev, Asif Əliyev, Novruz Əzimov, Musa Qurbanov, Mehman Yunusov, Əli Abuşov, Mahmud Qurbanov, Tərlan Əhmədov, Bəhram Şahquliyev, Əfqan Talıbov, Elxan Müslümov, Tural Cəlilov, Azər Mehdiyev, Rahid Əmirquliyev, Slavik Alxasov kimi isimlər yubilyarın şərəfinə yaşıl meydanda üz-üzə gəldilər.
Qusar futbolunun yetirmələri ilə “Neftçi”nin veteranları arasında baş tutan oyun kifayət qədər maraqlı alındı. Günün qəhrəmanı isə ilk yarıda meydan sahiblərinin sıralarında idisə, fasilədən sonra sabiq komandasının rənglərinə boyandı. Əlibabayev heç kimin xətrinə dəymədi. O, ilk yarıda “Neftçi”nin veteranlarını məyus etsə də, fasilədən sonra qusarlıların da qapısına yol tapdı.
Oyunun yekun nəticəsinə gəlincə, Asim Xudiyevin idarə etdiyi görüş 3:3 hesabı ilə nəticələndi.
Sport24.az