Bu dəfəki müsahibimiz dünya şöhrətli azərbaycanlı yazıçı Çingiz Abdullayevdir. İngiltərədə, Fransada, Almaniyada Rusiyada, İtaliyada dünyanın bir çox ölkəsində kitabları tərcümə edilərək dərc olunan yazıçımız bizə çox maraqlı faktlar danışdı. Qarabağ problemi, ictimai məsələlər, ölkədə baş verən dəyişikləri müzakirə etdik. Çingiz Abdullayev bəzi məlumatları bizə ilk dəfə açıqladı. Oğlunu Qarabağ müharibəsində itirən atanın övladını tapması üçün ona müraciət etməsindən, illər öncə qatil tərəfindən güllələnməsi hadisəsinə qədər bir çox mövzular barədə söhbət etdik. Həmin müsahibəni təqdim edirik.
- Çingiz müəllim necəsiniz, özünüzü necə hiss edirsiniz?
- Yaxşıyam, xəstə deyiləm. Baxmayaraq ki, gün ərzində bir çox insanlarla görüşürəm, onları qəbul edirəm. Hətta, tanınmış adamlardan biri mənim yanıma gəldi, görüşmüşdüm, daha sonra onun xəstə olduğu məlum oldu, bir neçə gün sonra isə dünyasını dəyişdi. Təzə kitablar üzərində işləyirəm. Bir aydır artıq Moskvada təzə kitabım çıxıb, Fransada, Ukraynada da çıxmalıdır. Azərbaycanda da bu yaxınlarda çox sayda kitablarım çıxacaq.
- Bir çox açıqlamalarınızda görmüşük, kitab yazarkən bəzən yatmadan bir neçə gün kitablar üzərində çalışırsınız. Hələ də eyni şəkildə davam edə bilirsinizmi?
- Mən işləmirəm əslində, mən yazmağı sevirəm, orada yaşayıram. İnsanların fikirlərini, mövqeyini yazmağı sevirəm. Bu baxımdan mən oturub işləmirəm, sadəcə sevdiyim işlə məşğul oluram. Sadəcə bir istəyim var ki, məni rahat buraxsınlar mən yatım, istirahət edim. Gün ərzində 4-5 saatdan artıq yatmıram. Deyirdilər, Napoleon 4-5 saatdan artıq yatmırdı. Ancaq, cavan ölmüşdü, 60 yaşına çatmamışdı. Mən bir gün olur ki, 10-12 saat yatıram, yuxumu alıram sonra həftə ərzində 3-4 saat yatmaqla kifayətlənirəm.
- Çingiz müəllim, Bakı gündən-günə gözəlləşir ancaq, insanların rifahı barədə bunu demək çətindir. Azərbaycanda ya çox varlı təbəqə var, ya da çox kasıb, orta təbəqə azlıq təşkil edir. Sizcə bunun səbəbi nədir?
- Rüşvətxorluq. Çox varlı adamları mənə sayın, görüm hansı öz ağlı, zəkası ilə qazanıb!? Kasıb adamlara gəldikdə isə onlar da ki, məlumdur 300-400 manat maaşla dolanırlar. Bununla da təbii ki, ailə saxlamaq çətindir. İnsanlar daha yaxşı yaşamalıdır. Biz çalışmalıyıq ki, insanların maaşlarını necə qaldıraq, rifahını yaxşılaşdıraq. Biz 10 milyondan biraz çoxuq. 100-150 milyonluq böyük xalq deyilik. Bizim gəlirimiz də hər cür imkanımız var ki, insanlar daha yaxşı yaşasın. Mən başa düşürəm ki, işğaldan azad edilən rayonlarda təmir bərpa işləri aparılcaq, yenidənqurma işləri aparılacaq. Mən inanıram ki, biz onu da keçəcəyik.
- İkinci Qarabağ müharibəsində Rusiya televiziyalarına verdiyiniz açıqlamalar gündəmə çevrildi. Bəzən aparıcılarla mübahisə belə etdiniz. Həmin verilişlər barədə nə deyə bilərsiniz?
- Çox adam Azərbaycanda bu verilişləri izləyib. Mən 8 dəfə Rusiya kanallarında çıxış eləmişəm. 2 dəfə Solovloyun verilişində, bir dəfə də “60 dəqiqə” verilişinə çıxmışam. Hətta, həmin verilişləri Türkiyədə də türk dilində tərcümə edib veriblər. Ancaq, mənə çox təsir edir ki, mənim Amerikada, Ukraynada, Almaniyada, Fransada olan çıxışlarımızı heç kəs görməyib. Amerikada mən Alen Simonyanla çox ciddi mübarizə aparmışdım. O Ermənistan parlamentinin vitse prezidentidir. Bir aydır müharibə gedirdi, o mənə həyasızcasına deyirdi ki, “nə uğurunuz olub, bir neçə metrə torpaq almısınız”. Belə insanlarla mən mübarizə aparmışam.
- Azərbaycanlıların yaxın gələcəkdə Qarabağa köçməsi və ermənilərlə birgə yaşaması mümkündürmü, sizcə bu kin, düşmənçilik nə vaxt bitəcək?
- Ermənilərin keçmiş prezidenti Sarkisyan deyirdi ki, ermənilərlə azərbaycanlılar heç vaxt bir yerdə yaşaya bilməz. Əgər belədirsə necə olur ki, bu gün İstanbulda 100 min erməni birlikdə yaşayır. Bu rəsmi rəqəmdir. Digər tərəfdən qeyd edim ki, Rusiyada 2 milyon yarım erməni, 2 milyon azərbaycanlı yaşayır. Bəs necə bir yerdə yaşaya bilirlər? Paşinyan kimi adam belə deyib ki, biz sülh şəraitində yaşamalıyıq, iki qardaş xalqıq. Mən özüm eşitməsə idim buna inanmazdım.
Artıq müharibə olmamalıdır. Biz üçüncü müharibəni nəvələrimizə saxlamamalıyıq. Bu qələbə əbədi olmalıdır. Mən istəyirəm ki, bizim nəvələrimiz ölməsin. Qarabağ Azərbaycanındır. Bu məsələ həmişəlik bağlanmalıdır.
- Sizcə bu problem tamamilə bitdimi?
- Məncə bitmədi. Mən bizim qonşularımızı yaxşı tanıyıram. Rusların gəlməyi, iki ölkə arasında rus qoşunlarının dayanmağı onları dayandırdı. Mən sizə deyim, türklərin bizi dəstəkləməsi onlara çox təsir etdi. Rusiya isə bu məsələdə Ermənistanın tərəfində olmadı. Putin ağıllı adamdı. O görürdü ki, Paşinyan özünü necə aparır. Rusiyanı satmaq üçün səbəb axtarırdılar. Hətta, Paşinyana aid media orqanlarında qondarma “1915 erməni soyqırımın”nın günahkarı ruslar olaraq göstərildi. Onlar deyirdilər ki, “ruslara görə bizi öldürdülər”. Rus bayraqlarını yandırırdılar. Putin də təbii ki, bunu görürdü. Və Putin çıxışılarında “Qarabağ Azərbaycan torpaqlarıdır” demişdi. Onlar başa düşür ki, müharibə başlasa daha çox itirəcəklər.
- İkinci Qarabağ müharibəsi bizə bir çox reallıqları göstərdi. Ermənilərin qurduqları miflər, xarici ölkələrdəki gücü, yenilməz orduları və sair bütün bu cəfəngiyatlar məhv oldu. Orduları dağıldı. Amma Paşinyanı hələ də xalq dəstəkləyir. Sizcı ermənilər də bu problemin artıq bitməsini istəyirmi?
- Bizim torpaqlarda 30 ildə heç nə tikməyiblər. Başa düşürdülər ki, onların torpağı deyil. Orada olan bütün tikilələrin isə hamısını dağıdıblar. Mən özüm gedib hamısını görmüşəm. Sadəcə, bir neçə villa tikiblər. Onlar da pullu adamlardır, harda olsa tikirlər. Bizim vicdansızlar da var hansı ki, onlara icazə versən gedib Ermənistanda da villa tikərlər. Onlar torpaqları geri almağa cəhd edəcəklər, amma müharibəyə inanmıram. Biz içdən bir-birimizi qırmasaq torpaqlarımızı heç vaxt itirməyəcəyik.
- Hazırda separatçıların nəzarətində olan torpaqlarımız da var, biz ora da qayıdacağıq. Sizcə bu proses nə qədər vaxt davam edəcək?
- Bizim qoşunlarımız Şuşanı azad edəndə az qalmışdı biz Xankəndini götürək. Mənə rəsmi məlumat verilib ki, 80-dən çox xarici jurnalistlər oturub orada gözləyirdilər ki, Azərbaycan ordusu nə vaxt Xankəndinə girəcək. Təbii ki, ora ordu girsə idi, mülki şəxslər arasında itki olacaqdı. Həmin vaxt orada 40 min adam yaşayırdı. Həmin jurnalistlər orada gözləyirdi ki, azərbaycanlılar ora girsin və mülki şəxslərin öldürülməsi hallarını çəkib dünyaya göstərsinlər. Biz həmin gün uduzacaqdıq. Mən istəyirəm ki, bunu bizimkilər də başa düşsün. Yaxşı ki, bu məsələ belə həll oldu. Çox adam rusların gəlməsini tənqid edir. Ancaq, ruslar gələndən sonra orada ölüm halları dayanıb, sakitlikdir.
- Şəhid anaları ilə bağlı bir təklif irəli sürmüşdünüz. Cəmiyyətdə olduqca xoş qarşılandı. Ümumiyyətlə şəhid və qazilərə göstərilən münasibətlərdən razısınızmı? Başqa hansı təkliflər irəli sürmək istərdiniz?
- Bildiyimiz kimi şəhidlərin kredit borcları silindi, ailələrinə qayğı göstərilir. Biz hazırda qazilərlə də məşğul oluruq. Bizim cəmiyyətimizdə onlara xüsusi münasibət var. Keçmiş SSRi dövründə minlərlə qərənfil Moskvaya göndərilidi, camaat bir-birinə hədiyyə kimi qərənfil verirdi. Bizdə 20 Yanvar faciəsindən sonra harada qan axmışdı ora qərənfil qoyulmuşdu. Ondan sonra Azərbaycanda heç kəs bir-birinə qərənfil bağışlamır. Mən fikirləşirəm ki, şəhid analarına qərənfil formasında bir nişan hədiyyə edilsin. Bu şəhid anasına lazım deyil, bəlkə də o heç yaşamaq da istəmir. Bu bizə lazımdır ki, biz onları tanıyaq və böyük hörmətlə yanaşaq. Biz düşünməliyik ki, onun oğlu gedib, sənə görə ölüb. Namusumuzu, qeyrətimizi qaytarıb. Biz əvvəl utanırdıq, indi amma utanmırıq. Çox sağ olsun bizim uşaqlarımız, çox sağ olsun prezidentimiz, çox sağ olsun o analar ki, elə qəhrəmanlar böyüdüb. Mən hesab edirəm ki, biz onlara xüsusi hörmətlə yanaşmalıyıq.
- Çingiz müəllim sizcə xoşbəxtlik nədir, insan yaxşı və mənalı yaşamaq üçün nə etməlidir?
Mən bir dəfə bunu demişdim, Allahın məqsədlərini öyrənmək istəyirəm. Nəyə görə, O insanları yaradıb? Mən bəlkə yazıçı kimi düz fikirləşmirəm ancaq, mən düşünürəm ki, Allah bizi bədbəxtçilik üçün - yaratmayıb. Allah bizi yaratmayıb ki, öldürək, oğurlayaq. O bizi xoşbəxtlik üçün yaradıb. Bizə ömür, həyat verib. Ancaq biz özümüz İblisin yolunu gedirik. Argentina yazıçısı Borxis yazır ki, əgər insan Allaha heç olmasa 1 faiz inanırsa o, Allahın bütün bəşəriyyəti yaratdığına da inanmalıdır. Əgər hər şeyi Allah yaradıbsa, onda İblisi də Allah yaradıb. Borxis bu anda soruşur, “Axı nə üçün İblis yaradılıb?” Bizə axı İblis olmadan yaşamaq yaxşı olmazdımı? Çünki, İblisi yaratmaqla Allah bizə seçim verib. Yolumuzu biz özümüz seçirik. İki yol var, Allahın yolu, İblisin yolu. Elə insanlar var sona qədər İblisin yolunu gedirlər. Mən inanıram ki, Allah insanı xoşbəxtlik üçün yaradıb. Müharibə üçün yaratmayıb. İnsanlar dinc yaşamaq istəyir. İnanın heç kəs övladının müharibəyə getməsini istəməz. Xoşbəxt olmaq insanın özündən asılıdır. Həmişə deyirəm ki, evə gedəndə ananıza, atanıza “mən səni sevirəm” deyin. Onları öpün. Bilirsiz, necə sevinəcəklər! Biraz fikirləşin ki, siz bu dünyaya nəyə gəlmisiniz, sizdən sonra nə qalacaq. Siz elə yeyib-içmək və heç nə etməmək üçün bu dünyaya gəlmisiniz? Biz bunları deyəndə kimisi hirslənir, deyinir. Puldur, kitablardır bunlar o qədər də ciddi deyil. Ciddi olan can sağlığıdır. İnsan uşaqlarının canı sağ olanda xoşbəxt olur, ata-anası sağ olanda xoşbəxt olur. Mənim anam 87 yaşında atam 81 yaşında dünyasını dəyişib. Amma onların mənə verdiyi xoşbəxtlik əbədi mənim qəlbimdə yaşayacaq, həmişə mənimlə qalacaq. Görün mən neçə yaşınadək uşaq qalmışdım. İtirəndən sonra nə itirdiyimizi başa düşürük. Onlardan çox bizi heç kəs sevməyəcək. Düzdür, bizim qadınlarımız, uşaqlarımız var. Ancaq, biz onları sevirik. Valideynlərimiz yanımızda olanda biz başa düşmürük ki, necə xoşbəxtik. Sonra anlayırıq ancaq, onda da gec olur.
- Çingiz müəllim, təxminən 40 ildən çoxdur kitab yazırsız. İlk kitabınız Mavi mələklərdir. Bütün bu illər ərzində nələr dəyişib, və ya nəyi dəyişmək istəyərdiniz?
- Mən həyatda iki günümü dəyişmək istərdim. Biri atamı itirdiyim, digəri isə anamı itirdim gündür. Mən istəyərdim bu biraz da gec olsun. Düzdür mən bunu deyəndə mənə bildirirlər ki, anan 87, atan 81 yaşında dünyasını dəyişib, istəyirdin 200 il yaşasınlar? Bəli istəyərdim, istəyərdim... Amma başqa heç nəyi dəyişmək istəməzdim. Mən SSRİ ədəbiyyatı tarixində ən gənc Xalq yazıçısı alan şəxsəm. Heç vaxt heç kəs bu yaşda həmin fəxri adı almayıb. Mən 45 yaşımda Xalq yazıçısı olmuşam.
- Sizin, solaxay killer haqqında yazdığınız kitablar var. Bu barədə yazarkən yəqin ki, görüşmüsünüz. Bu istiqamətdə apardığınız görüşlər arasında ən maraqlısı hansılardır?
- Sən əgər insanları başa düşmürsənsə heç nə yaza bilmərsən. Sən onun faciəsini başa düşməlisən. Yoldaşı hər gün ona deyirdi ki, “sən solaxaysan, səni bir əlin yoxdur, niyə müharibəyə getmisən, sənin kimi axmaqlar gedir ancaq müharibəyə. Hamısının pulu imkanı var ancaq sənin heç nəyin yoxdur” buna görə o məcburi gedib killer olur. Çünki adam öldürməkdən başqa heç nə bacarmır. Axırda evini də tərk edir. Bu da onun faciəsidir. Daha sonra onu arvadı uşağını ərinə qarşı nifrətlə böyüdürdü. Mən həmişə boşanan qadınlara deyirəm ki, uşağı heç vaxt nifrətlə böyütməyin çünki, həmin nifrət gec-tez gəlib sizin özününü vuracaq.
- Bizdə olan məlumata görə, illər əvvəl tapançadan açılan atəş nəticəsində yaralanmısınız. Sirr deyilsə bu barədə danışardınız.
- Bəlkə də baş verib, yadımda deyil. Amma mən tapancadan yaxşı atəş aça bilirəm. Bu sahədə çempion olmuşam. Bir dəfə jurnalistlər məni yoxlayıblar. Getmişdik elektron tirə. Orada 5 quldurdan 4-nü öldürdüm, 1-ni isə yaraladım. Bu düzdür.
- Sizin bir çox kitablarda baş qəhrəman Dronqodur. Çıxışlarınızda 99 faiz özüməm deyirsiniz və kitablar real hadisələrdən götürülüb. Onda real həyatda baş verən bir çox cinayətlərin üstünü açan, xüsusi əməliyyatları yerinə yetirən məhz siz özünüzsünüz.
- Bəlkə də.. Bilmirəm (gülür). Neçə illər keçib. Amma 9 il işləmişəm. Görünür yaxşı işləmişəm ki, ordenlər medallar almışam. 1988-ci ildə məni Mərkəzi Komitəyə təlimatçı kimi təsdiqləmək istəyirdilər. İndiyə qədər də bir çox yerlərdə məni xatırlayırlar. Bilirsiniz, ən tanınmış yazıçılar, Yan Fleminq kəşfiyyatçı olmaq istəyirdi. Bu istəyinə çatsa da yaxşı kəşfiyyatçı ola bilmədi. Artur Konan Doyl polisdə işləmək istəyirdi ancaq buna nail ola bilmədi. Görünür mən də yaxşı kəşfiyyatçı olsa idim o sahədə qalardım.
- Ancaq, Dronqonun həmin 9 ildən sonra da keçirdiyi əməliyyatlar da var.
- Var. Bilirsiniz, nə qədər çox yazırsan, o qədər yaxşı peşəkar olursan. Həqiqətən olan bir hadisəni sizə danışmaq istəyirəm. Qarabağda oğlunu itirən bir ata mənim yanıma gəlib, dedi ki, “bilirəm heç kəs tapa bilməyəcək ancaq siz mənim oğlumu tapa bilərsiniz. Heç olmasa cəsədini tapın”. Düzdür, biz onun cəsədini tapa bilmədik ancaq, həlak olduğu yeri tapdıq. Bu baxımdan çox adam gəlir. Xüsusilə qadınlar gəlir mənim yanıma. Mənim hər gün yanıma adamlar gəlir, dünyanın bir çox yerində Dronqo adına klublar var, restoranlar var. Mən bütün bunları görəndə çox sevinirəm.
- Çox sağ olun müsahibə üçün, təşəkkür edirəm.
- Siz sağ olun.
Fraza jurnalı,
Ruslan Yusibov