Sahibkar: "Gömrük Komitəsində növbəti dəfə məndən əlavə ödəniş tələb olunur" – RƏSMİ AÇIQLAMA – VİDEO


"Gömrükdə mənə süni olaraq əngəl yaradırlar".

Bu sözləri Yeniavaz.com-a açıqlamsında sahibkar, “Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva deyib. O bildirib ki, bir müddət öncə də gömrükdə eyni problemlə qarşılaşıb, ancaq uzun mübarizədən sonra dövlət rüsumlarını ödəyərək gətirdiyi məhsulları rəsmiləşdirə bilib:
“Demək olar, keçən dəfə ki, problemdən heç bir fərqi yoxdur, eyni problemi süni olaraq mənə yaratmağa çalışırlar. Ötən dəfə gətirdiyim qida əlavələrini dövlət rüsumunu ödəyərək rəsmiləşdirdim. Lakin ikinci dəfə məhsulum gələndə mənə dedilər ki, biz statistik dəyərləndirmə edirik, bu dəyərləndirmədən sonra biz sizə deyəciyik ki, siz hansı rüsumu ödəməlisiniz. Mən ölkəyə məhsul gətirəndə əvvəlcədən hesablayıram ki, nə qədər rüsum ödəməliyəm ona görə məhsul sifariş edirəm. Sifariş etdiyim məhsula görə 20 min manat dövlət rüsumu ödəməliyəmsə, məndən əlavə ödəniş tələb olunur. Mən də bununla razılaşmıram”.
Sahibkar onu da qeyd edib ki, ölkəyə gətirdiyi məhsul TIR-da saxlanılır: "Nə saxlanc anbarına qoyulmur, nə də ki, özlərinin anbarlarına yığılmasına icazə verilmir. Karqo şirkəti də Avropanın olduğuna görə sürücü TIR-la birlikdə ölkəsinə qayıda bilmir".
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, qida əlavələrinin rəsmiləşdirilməsi üçün “Ambiance Med” MMC-nin təqdim etdiyi “Gömrük bəyannaməsi”ndə göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı şübhə yaranıb və müvafiq araşdırma aparılıb:
"Ambiance Med” MMC-nin rəhbəri Elnarə Əliyeva tərəfindən gömrük orqanlarına qarşı həqiqətə uyğun olmayan, əsassız iddialar səsləndirilib. Sahibkar idxal etdiyi bioloji fəallığa malik qida əlavələrinin rəsmiləşdirilmə prosesi zamanı gömrük orqanları tərəfindən malın gömrük dəyərinin qanunsuz şəkildə artırıldığını iddia edib. Dövlət Gömrük Komitəsi bildirir ki, həmin qida əlavələrinin rəsmiləşdirilməsi üçün “Ambiance Med” MMC-nin təqdim etdiyi “Gömrük bəyannaməsi”ndə göstərilən məlumatların yoxlanılması zamanı gömrük dəyərinin düzgün qeyd edilməməsi ilə bağlı şübhə yaranıb və müvafiq araşdırma aparılıb. 
Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə (1994-cü il tarixli Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır.
Gömrük tarifinin tətbiqi məqsədilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qeyd olunan üsullarla müəyyən edilir.
Qanunvericiliyə əsasən, gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir və gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ var.
“Ambiance Med” MMC-nin təqdim etdiyi məlumatlar əsasında aparılan təhlillər nəticəsində bu şirkət tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin ölkə ərazisində satış qiymətlərinin idxal qiymətləri ilə kəskin fərqlənməsi müəyyən edilib. Aşkar olunan risklərin minimallaşdırılması üçün həmin malların gömrük dəyərləndirilməsi zamanı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin tələbləri əsas götürülüb.
Qanunun 16-cı maddəsinə  əsasən, gömrük dəyəri malların daxili bazarda satış  qiymətləndirilməsinə uyğun olaraq dəyərin çıxılması üsulundan istifadə edilməklə müəyyən edilir.  Dəyərləndirilən malların  çıxılmış dəyərini müəyyən edərkən bu mallarla eyni və ya təqribən eyni vaxtda  idxal olunmuş  eyni və eynicinsli  malların  bir vahidinin Azərbaycan Respublikasındakı satış  qiyməti müqayisə  üçün əsas kimi götürülür.
Prosesin şəffaf şəkildə həyata keçirilməsi üçün 5 iyun 2021-ci il tarixində  Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilib və ekspert rəyi gömrük orqanlarının şübhələrini təsdiqləyib.
Malların qiymətini müəyyən etmək üçün “Azərekspertiza” Birliyinin 7 iyun 2021-ci il tarixli, 75 №-li ekspertiza aktına əsasən, “Ambiance Med” MMC tərəfindən idxal edilən:
“İmuno Sitoz” №30 - faktura dəyəri 0,65 Avro, yəni bəyannamənin təqdim olunduğu günün məzənnəsinə görə 1, 35AZN, ekspertiza aktına görə isə 19 AZN-dir;
“Solefarin İmuno” №15 - faktura dəyəri 1 avro, həmin günün məzənnəsinə görə 2,07 AZN, ekspertiza aktına görə isə 14,5 AZN-dir;
“Presnora SolePharm” №30 - faktura dəyəri 0,75 avro, həmin günün məzənnəsinə görə 1,55 AZN, ekspertiza aktına görə isə 18 AZN-dir;
“Denomaks” №30 - faktura  dəyəri 0,94 avro, həmin günün məzənnəsinə görə 1,95 AZN, ekspertiza aktına görə isə 19,5 AZN-dir.
Ekspertizanın rəyindən də göründüyü kimi, faktura qiymətləri ilə sonrakı satış qiymətləri arasında kəskin fərqlər var. Faiz nisbətində isə bu fərqlər 850, 1000, 1200 faizdir.
“Ambiance Med” MMC tərəfindən idxal olunan bioloji fəallığa malik qida əlavələrinin gömrük dəyərinin müəyyənləşdirilməsi prosesində həmin şirkətin rəhbəri Elnarə Əliyeva ilə Komitənin aidiyyəti strukturlarının rəhbərləri arasında dəfələrlə müzakirə aparılıb, qanunvericiliyin tələbləri izah olunmaqla onun iddialarına ətraflı cavab verilib.
Lakin sahibkarın hər dəfə gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürməsi, kütləvi informasiya vasitələrinin imkanlarından yararlanaraq yanlış məlumat və şərhlərlə gömrük orqanları, onun rəhbərliyində təmsil olunan şəxslər barəsində mənfi rəy formalaşdırması, bununla da dövlət qurumuna təzyiq göstərməyə cəhd etməsi yolverilməzdir.
Dövlət Gömrük Komitəsi hər zaman faktlarla əsaslandırılan, ümumi işə fayda gətirən tənqid və iradlara açıqdır. Lakin  gömrük qanunvericiliyi, gömrük işinin təşkili haqqında bilik və bacarıqlara malik olmayan bəzi “ekspertlər”in və ya cəmi bir idxal əməliyyatını qanunları tapdalayaraq həyata keçirməyə çalışan “sahibkar”ın irəli sürdüyü böhtan xarakterli iddialar, bəzi media qurumları vasitəsilə təşkil edilən sifarişli müzakirələr gömrük orqanlarının qanuni fəaliyyətinə kölgə sala bilməz. Dövlət Gömrük Komitəsi daim qanuni ticarəti dəstəkləyir və sahibkarları qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyə çağırır".

DİGƏR XƏBƏRLƏR

Top