Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun sürücüsü Mahir Ağayevin, icra başçısı tərəfindən qeyri-qanuni olaraq onun adına rəsmiləşdirilən və dəyəri 10 milyonlarla ölçülən mülkləri satıb xaricə qaçması ilə bağlı iddia yayılıb.
Yeniavaz.com xəbər verir ki, iddianı Musavat.com saytı yayıb. Mətbuat orqanının yaydığı məlumatda qeyd olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb və bir neçə gün əvvəl koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb.
Sayt iddia edir ki, Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb.
Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a açıqlama verilib.
Bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir: "İşıqlandırılmış yazıda çap edilmişdir ki, başçının sürücüsü "Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb". Bildiririk ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi (sürücüsü) Mahir Xanqulu oğlu Ağayev özünün və yoldaşının səhhətində yaranmış problemlərlə bağlı öz arzusu ilə 21 sentyabr 2020-ci il tarixli, 85 saylı əmrlə tutduğu vəzifədən azad edilib".