Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “MSDIS Holding” MMC olub.
Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” “MSDIS Holding” MMC-yə Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün 2 milyon 20 min 503 manat 68 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “MSDIS Holding” MMC təxminən 1 il əvvəl – 10.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 2 milyon 572 min 500 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Xətai pr. Ev 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.
Onu da bildirək ki, Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.
“MSDIS Holding” MMC-nin rəsmi saytında bildirilir ki, şirkıt 1 il əvvəl yaranmasına baxmayaraq 312 layihə həyata keçirib. Abşeron rayonu ərazisində fəaliyyət göstərən “MS OIL” yanacaqdoldurma məntəqələrinin sahibi də “MSDIS Holding” MMC-dir.
Qeyd edək ki, yeni yaranmasına baxmayaraq son 2 ay ərzində “MSDIS Holding” MMC 4 tender müsabiqəsinin qalibi olmağı bacarıb.
- 26.04.2021-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar ərazisində "Azərişıq" ASC-yə məxsus 2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttinin bir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işləri üçün “Azərişıq” ASC ilə 116 min 489 manat 60 qəpiklik,
- 22.05.2021-ci il tarixində Xırdalan şəhərində abadlıq işləri üçün Abşeron rayon İcra Hakimiyyətilə 1 milyon 362 min 482 manat 86 qəpiklik,
- 25.05.2021-ci il tarixində Sumqayıt şəhərində "Karvan yolu" küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 277 min 715 manat 67 qəpiklik,
- 01.06.2021-ci il tarixində Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 2 milyon 20 min 503 manat 68 qəpiklik müqavilə imzalanıb.
A. Cəfərov