Türkiyənin Osmaniyə şəhərində fəaliyyət göstərən jurnalist Hasan Tolqa yazdığı korrupsiya xəbərlərinə görə hücuma məruz qalıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Hasan Tolqa bir müddətdir araşdırma aparıb və Osmaniyə bələdiyyəsində korrupsiya fəaliyyətlərinin olduğu barədə yazılar hazırlayıb. Ancaq, həmin yazılardan sonra ona və ailəsinə hücumlar başlayıb. 1 həftə ərzində 3 dəfə evinə basqın edilib. Bütün bu hadisələrdə onu heç kəsin qorumadığını dilə gətirən jurnalist artıq peşə fəaliyyətini dayandırdığını bildirib:
“Haqqımda heç bir məhkəmə qərarı olmadan evimə hücum edib qollarıma tərs qandal vurdular. Həyat yoldaşıma silah tuşladılar. Osmaniyə balaca bir yer olduğuna görə, mətbuat işçilərinin fəaliyyətinə mane olurlar. Rüşvətxorluq barədə xəbər hazırlamamaları üçün pul təklif edirlər. Mənə də eynilə rüşvət və korrupsiya məsələlərini araşdırmamağım üçün reklam verəcəklərini dedilər. Ancaq, mən qəbul etmədim və görüntüləri yayımladım. Ortada problem var deyirəm, araşdırmaq əvəzinə, “sən kimin adamısan, kimə xidmət edirsən” deyə mənə təzyiq göstərirlər. Dünən bələdiyyəyə velosipedlə gedən şəxslərin bu gün milyon dollarlıq sərvətləri var. Osmaniyədə mənə heç kəs sahib çıxmır. Artıq peşəmi dayandırıram. 2 yaş 5 aylıq uşağım var. Ailəmə bunları yaşatmaq istəmirəm”.
Jurnalist Hasan Tolqanın sözlərinə görə, Osmaniyədə polis rəisinin ona təzyiq göstərməsi üçün bəzi şəxslərdən təlimat aldığına dair əlində səs yazıları var, lazım olduğu təqdirdə həmin səs qeydlərini ortaya çıxaracaq. O, “dövlətin polisinin məni qorumaq əvəzinə belə bir addım atması insanı sarsıdır”deyə əlavə edib.