Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb.
Yeniavaz.com "Turan" agentliyinə istinadən xəbər verir ki, o, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.
"Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev bildirib.
Məlumata görə, onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.
Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib.
Qeyd edək ki, 2019-cu ilin oktyabrın 29-da Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman Təbrizin atası Oqtay Gülalıyevi vurub. Aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisinin əvvəlcə yerli, daha sonra isə Türkiyə xəstəxanasında müalicəsi aparılıb. Onun hazırda müalicəsi Bakıda davam etdirilir.