Digər dillər kimi latın dili də bir vaxtlar körpə uşaqlarını yatırmaq üçün anaların laylay dediyi, insanların ünsiyyət vasitəsi kimi gündəlik həyatda istifadə etdiyi bir dil olub. Ancaq vaxt ötəcək, latın dili artıq bu dildə danışanlar olmadığına görə ölü dil hesab olunacaq və yalnız yazı halında həyatda qala biləcəkdi. Bu dil vətəni, torpağı, milləti olmadan yüz illər boyu başqa xalqların dilində, yazısında, əlifbasında mövcudluğunu qoruyub saxlayacaqdı.
Dilşünas alimlərə görə, gündəlik həyatda və şifahi ünsiyyətdə istifadə edilməyən, ancaq yazı halında mövcud olan bir dilə ölü dil deyilir. Bir sözlə, hansısa bir dili ana dili kimi danışan bir xalq və kütlə yoxdursa, artıq o dil canlı bir dil hesab olunmur. Bununla yanaşı latın dili ölü dillər arasında hər zaman özünəməxsus yerini qorumuş, həyatın bir çox sahələrində və dünyanın əksər ölkələrində özünə yer tutmuşdur.
Bu gün dünyada latın dilinə dərindən bələd olmadan, ən azı bu dildə sərrast oxuya bilmədən əczaçılıq, anatomiya, farmakologiya, biologiya, arxeologiya və s. kimi sahələrə yiyələnmək çox çətin, hətta mümkünsüzdür. Elm, texnologiya, siyasət, astronomiya, tibb, təhsil, kənd təsəsrrüfatı və s. sahələrlə bağlı əksər terminlər məhz latın sözləri ilə ifadə olunur. Məsələn, prezident, direktor, rektor, universitet, dekan, traktor sözləri, planet adları, habelə təqvimdəki ayların adı da bu dildən digər dillərə keçmişdir. Latın dili beynəlxalq tibb dilidir. Bəzi tədqiqatçılara görə latın dili olmadan tibbdən, tibb olmadan da latın dilindən bəhs etmək olmaz.
Məşhur filosoflardan tutmuş, elm adamlarınadək bütün dahilər öz fikirlərini, elmi kəşflərini latın dilində yazıya çevirmişlər. Latın dili söz zənginliyi baxımından ərəb dilindən sonra ikinci ən zəngin dil hesab olunur. Latın dili müasir dünya dillərinin yaranmasında da özül rolunu oynamışdır. Bu səbəbdən elə Avropa dili yoxdur ki, orada latın sözlərinə rast gəlməyək. Latın dilinin bugünkü Avropa dillərindən olan fransız, italyan, roman, ispan, portuqal... dillərinin yaranmasında da mühüm rolu olmuşdur. Bu baxımdan latın dilinin öyrənilməsinə və tədqiqinə böyük ehtiyac var.
Latın dilinin daşıdığı xüsusiyyətlərə görə bu dili öyrənməyin məqsədi digər Qərb dillərini öyrənməklə müqayisədə bir az fərqlidir. Çünki hər hansı Qərb dilini öyrənən bir şəxs yalnız bu dildə danışmağı və bu dilin qrammatikasını öyrənir, bu dildə danışan xalqın mədəniyyəti ilə tanış olur. Ancaq latın dilini öyrənən bir şəxs eyni anda bütün Qərb ədəbiyyatına bələd olmaq imkanını əldə edir. Avropa dillərinin söz ehtiyatı, morfologiyası və digər xüsusiyyətləri latın dili ilə dərindən əlaqəlidir. Bu səbəblə latın dilini bilən bir şəxs bu dil haqda heç bir məlumatı olmayan bir şəxslə müqayisədə hər hansı Avropa dilini daha tez öyrənə bilər.
Bu dilin əsas xüsusiyyətlərindən biri də odur ki, sözlər orfoqrafik qaydada oxunur. Yəni, necə yazılıbsa, elə də tələffüz olunur. Bu isə oxunuş prosesini asanlaşdırır. Qeyd edək ki, latın dili bugünkü İtaliyada Tiber çayı ətrafında yerləşən Latium (Latsio) bölgəsində yaşayan kiçik bir xalqın dili olub. Bu dil həm də qədim latın dilinin əsasını təşkil edir. Roma dövlətinin genişlənməsi ilə latın dili bütün Qərbi Avropaya yayılaraq, orta əsrlərdə Avropa xalqlarının ortaq dili halına gəldi. İnkişaf dövründə yunan dilindən aldığı bir çox sözlə zənginləşdi. Bu gün ictimaiyyət arasında danışıq dili kimi istifadə edilməməsinə baxmayaraq (ölü dil), tibb və səhiyyə sahəsində beynəlxalq dildir. Bu səbəblə tibbi terminlər əsasən latın və yunan mənşəlidir.
Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranmışdır və kökləri daha qədimə yunan və finikiya əlifbasına qədər gedib çıxır. Finikiya əlifbası latın əlifbası kimi ərəb, ibrani və hind əlifbalarının da təməlini təşkil edir. Klassik latın dili miladdan əvvəl birinci və yenə miladdan sonra birinci yüz illiyin başlarına qədərki bir dövrdə istifadə edilmişdir. Günü-gündən Romada elit təbəqənin istifadə etdiyi bir dilə çevrilən latın dili yunan dilli xalqların təsiri ilə latın xalqı tarix səhnəsindən çıxmış və bununla da bu dilin məişət həyatında istifadəsi mümkünsüz hala gəlmişdir. Beləcə, bu dil bədii ədəbiyyatın, elmin dilinə çevrilmişdir.
AMEA Dilçilik İnstitutu Təhsil şöbəsinin müdiri Qətibə Quliyevanın qeyd etdiyinə görə ölkəmizdə tarix və arxeologiya ilə bağlı tədris proqramlarında, həmçinin Tibb Universitetində latın dilində danışmaq, bu dildən hər hansı bir mətni tərcümə etmək səviyyəsində deyil, ən azı oxumaq səviyyəsində tədrisi aparılıb. Qətibə Quliyeva bildirir ki, son illərdə Slavyan Universitetində, Azərbaycan Dövlət Dillər Universitetində, həmçinin Bakı Dövlət Universitetinin Filologiya Fakültəsində latın dilinin tədrisi ilə bağlı yeniliklər olsa da, bu sadəcə olaraq hər hansı dil proqramının içərisində səthi xarakter daşıyıb.
Bütün bunlarla yanaşı latın dili ölkəmizdə AMEA-nın Dilçilik İnstitutunda 2015-ci ildən başlayaraq bir dil kimi magistratura səviyyəsində öyrədilməyə başlanıb. Bu dövr ərzində latın dili üzrə ölkəmizdə iki nəfər magistr təhsillərini başa vurmuş və bu sahə üzrə elmi fəaliyyətlərini davam etdirirlər.
SSRİ-nin tərkibinə daxil olan respublikalarda, o cümlədən də Azərbaycanda milli dillərin işlədilməsi mümkün olduqca məhdudlaşdırılırdı. Ana laylası tək şirin Azərbaycan dilinin başı üstünü alan qara buludlar təbii ki, qaynar təbiətli, vətənpərvər ruhlu şair olan Bəxtiyar Vahabzadəni narahat etməyə bilməzdi. Bəxtiyar Vahabzadə 1967-ci ildə Kasablankada səyahətdə olarkən “Latın dili” şeirini yazmışdır. Əslində bu şeirdə şairin məqsədi latın dilinin mükəmməlliyini göstərmək deyil, bu dili Azərbaycan dili üçün misal gətirməkdir. Şair xalqı mövcud olmayan bu dilin müasir dünya dillərində izinin, təsirinin hələ də qalmasını belə təsvir edir:
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili!-Millət ölüb, dil yaşayır.
“Ana” deyən, “torpaq” deyən,
“Vətən” deyən yox bu dildə.
Ancaq yenə yaşar bu dil.
Ana dilinin xiffətini çəkən Bəxtiyar Vahabzadə latın dilini Azərbaycan dili ilə müqayisə edərək, vətəni ola-ola korlanan dilimizi, “kiçik, yoxsul komalarda dustaq olan bir dil”ə bənzədir:
İndi söylə,
Hansı dilə ölü deyək:
Vətən varkən,
Millət varkən,
Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi?
Yoxsa, uzun əsrlərdən, keçib gələn,
Xalqı ölən,
Özü qalan bir diləmi?
“Latın dili” şeiri əslində B. Vahabzadənin doğma dilin taleyi ilə bağlı bir həyəcan təbili idi. O, bu şeiri yazmaqla cəmiyyəti silkələyir, gəncləri öz dillərinin təəssübünü çəkməyə, onu yaşatmağa çağırırdı.
XV əsrdə Avropada çap olunan kitabların əksəriyyəti Latın dilində yazılmışdır. Bu dövrdə kitab çapında yerli dillər sadəcə ikinci dərəcəli rol oynayırdı.
Fraza jurnalı,
Halim Mustafa