Şəhid Fədail Nadirov əslində bu mahnıya rəqs edibmiş – Qəhrəmanımızın döyüş yolu – VİDEO + FOTOLAR


Onu əksəriyyət çəkdirdiyi son videosu ilə tanıdı. Sözügedən video Vətən Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Fədail Nadirova məxsusdur. Video çəkilən gün qardaşı onu XTQ-də xidmətə başlamaq üçün təşkil olunmuş kursa aparırmış. Fədail qardaşından maşını bir kənarda saxlamasını istəyərək, ürəkdən rəqs etməyə başlayır. Qardaşına isə deyir ki: “Bu videonu saxla, vaxt gələcək ən məşhur videolardan biri olacaq”.
Nadirov Fədail Fərhad oğlu 23 iyul 1999-cu ildə Qobustan rayonunun Bədəlli kəndində anadan olub. 2006-cı ildə Qobustan rayonu Bədəlli kəndində orta məktəbə daxil olub. Orta məktəbdə oxuduğu müddətdə ağır atletika idman növü ilə məşğul olub. "Zirvə" idman klubunun üzvü olub. Rayonda keçirilən bir sıra yarışlarda 1-ci, 2-ci yerləri tutub. Respublika çempionatında 2-ci yeri tutub. Orta məktəbi 2016-cı ildə bitirərək, 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətini Lələtəpə yüksəkliyində düşmənlə 40-45 metr məsafədə aparıb. Xidmətin sonunda təşəkkürnamə ilə təltif olunub. Bir müddət mühafizə xidmətində işləyəndən sonra Fədail öz istəyi ilə 2020-ci iyul ayında Beyləqanda yerləşən N saylı hərbi hissələrdən birində müddətdən artıq hərbi qulluqçu (MAHHXHQ) kimi fəaliyyətə başlayıb. Fədail hərbi vəzifəsini mükəmməl bildiyinə görə "Həmlə" kəşfiyyat taboruna seçilib və həmin kursu uğurla başa vurub.
Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Fədail Nadirov Qobustan rayonu Bədəlli kəndində dəfn olunub.

Şəhid Fədail Nadirovun döyüş yolu barədə Yeniavaz.com-a qardaşı Fərid Nadirov məlumat verdi:

“Biz ailədə üç qardaşıq. Mən onların böyük qardaşlarıyam, Fədail isə ən kiçiyimiz idi. Qohumlar arasında da hamıdan seçilirdi. Hara gedirdi özünü sevdirirdi. Böyük-kiçik hamı onu çox istəyirdi. Dünyagörüşü çox idi. Onunla danışanda elə bilirdin ki, 50 yaşında biri ilə danışırsan. Səmimi, ünsiyyətcil idi. İnsanlarla tez ünsiyyət qururdu. O, şəhid olanda kənddə 3-4 yaşında uşaqlar da ağlayırdılar. Fədail sağlığında uşaqları mağazanın qarşısında görəndə gedib onlara istədiklərini alıb verirdi. Balacaları sevindirməkdən xoşu gəlirdi. Həmin uşaqlar hər gün Fədailin evimizin qarşısına vurulmuş şəkillərinin önünə gül gətirib qoyurlar. O ki, qaldı hərbçi olmağına, marağı böyük idi. Hərbii xidmətini yerinə yetirib geri qayıdandan sonra atama hərbidə qalmaq istədiyini bildirdi. Bir müddət mühafizə xidmətində işləsə də, sonra sənədlərini toplayıb öz istədiyi sahəyə getdi. Evdəkilər razı deyildilər, amma ona rəğmən bütün sənədlərini toplayıb xəbərsiz getmişdi. Daha doğrusu, mənim bu prosesdən xəbərim olduğu üçün xidmət edəcəyi əraziyə, yəni Beyləqana onu elə mən aparmışdım. O məşhur video da həmin gün çəkilmişdi”.

Fərid Nadirov qardaşı Fədailin döyüş yolundan da danışıb:
Onun sözlərinə görə, döyüş vaxtı Fədailin silahdaşlarından bir qrup mühasirəyə düşüb. Fədailgil mühasirə ilə bağlı məlumat aldıqdan sonra o, içərisində düşmənin zabit heyəti olan UAZ markalı avtomobili qumbaraatanla vuraraq məhv edib. Bundan sonra tərkibində qrup komandiri də olan yoldaşlarını mühasirədən çıxarmağa nail olub:
“Fədailin döyüş yoldaşları onun igidliklərindən, qəhrəmanlıqlarından çox danışıb, amma indi mənə onun barəsində danışmaq çətin gəlir. Dediyim kimi Fədail mühasirəni yarmaq üçün birinci qumbaraatandan, sonra DŞK silahından istifadə edib. O, DŞK-nın kursunu da keçmişdi və sərrast atıcı idi. Uşaqlar deyirlər ki, qrup mühasirəyə düşdüyü üçün o, çox əsəbi olub və onun növbəti hücumundan sonra düşmən olduğu mövqedən qaçmağa başlayıb. Yoldaşlarının sözlərinə görə qardaşım Qubadlı uğrunda gedən döyüşlərdə qolundan yaralansa da, yenidən döyüşə davam edib. Fədail dostluğa, yoldaşlığa da etibarlı idi. Döyüşlərdə yaralanan və ya şəhid olan uşaqların birini qoyub getməzmiş. Ya yaralıları təminata verib yenidən döyüşlərə qatılarmış, ya da döyüş bölgəsində qalan şəhidləri oradan çıxarmaq üçün oturub saatlarla gözləyərmiş ki, gecə düşsün yaxud da ara sakitləşsin. Yoldaşları indi də zəng edir, ondan danışırlar. Füzulidən Qırmızı Bazar adlanan əraziyə gedərkən çox yorğun imişlər. Çünki 3 gün imiş ki, döyüşürmüşlər. 20 nəfər olublar. Hədəf qoyulmuş mövqeyə çatanda suları da qurtarıbmış.  Uşaqlar bir az istirahət etmək üçün otursalar da, o elə silah-sursatı ilə ayaq üstə dayanıb və yoldaşlarına məzəmmətlə baxırmış ki, "indi davam etmək lazımdır, dayanmaq yox”.
Fərid qardaşı ilə sonuncu telefon danışığından və onun şəhid olmasından da bəhs edib:

“O, əvvələr istəyirdi ki, mənim oğluma atamın adı verilsin. Sonuncu dəfə 24 oktyabrda evə zəng edəndə dedi ki “Neynirsiniz bir evdə iki Fərhad olsun?! Uşağa mənim adımı verərsiniz”. Anam telefonda ağladı ki “Sənin adını niyə?”, anama cavabında, “Bilmək olmaz nə olar”, - dedi. Fədail Füzuli rayonunda 40 metrə adlanan ərazidə şəhid olub. Ora ən cətin və keçilməz ərazilərdən olub. Qardaşım 26 oktyabr 2020-ci ildə tabor komandiri ilə birgə həmin ərazidə ermənilərə məxsus bunkeri məhv edərkən şəhid olub. 26 oktyabrda şəhid xəbəri gəldi, 27-si də Bədəllidə dəfn edildi”.
Qeyd edək ki, Fədail Nadirov şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Vətən uğrunda”  və “Fuzulinin alınmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin!

Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top