İstanbulda keçirilməsi nəzərdə tutulan UEFA Çempionlar Liqasının final oyununun yeri dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yer alıb.
Məlumatda bildirilir ki, koronavirus pandemiyası səbəbindən İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulan oyun Portuqaliyada keçiriləcək.
Qeyd edək ki, UEFA "Mançester Siti" və "Çelsi" komandaları arasında baş tutacaq final oyununun mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Portu şəhərindəki "Draqau" stadionunda keçirilməsinə qərar verib.
Açıqlamada bildirilir ki, Böyük Britaniya Türkiyə koronavirus infeksiyası səbəbindən "qırmızı zona"ya daxil edib və bu səbəbdən Türkiyədən geri qayıdacaq ingilis azarkeşlərin 10 gün öz hesablarına oteldə karantində qalacaqları barədə qərar qəbul edib. Bu səbəbdən də 2 il davam edən hazırlıqlara baxmayaraq final görüşü İstanbulda baş tutmayacaq.