Türkiyəli mafia başçısı Sedat Peker növbəti dəfə qalmaqallı iddialar yayıb.
Yeniavaz.com xəbər verir ki, Peker “youtube” vasitəsilə yayımladığı videoda həbs edilməmək üçün əvvəl Mərakeşə getdiyini ancaq “dərin dövlət” başçısı Mehmet Ağarın onu tapıb Türkiyəyə gətirmək üçün faəliyyətə başladığını iddia edib: “Mərakeşə pilotsuz uçan aparat hədiyyə edib məni təhvil almaq istədilər. Təyyarəyə minəndə uçuş icazəsinin ləğv edildiyini öyrəndim. Dostlarım hər tərəfdən mənə zəng elədilər. Mən o təyyərəyə minmədim, qayıdıb insan kütləsinə qarışdım və oranı tərk etdim. Mərakeş kralının bir xasiyyəti varmış, ondan kömək istəyən şəxsi heç kəsə təhvil vermir. Başqa bir ölkə olsaydı PUA qarşılığında məni təhvil verərdi”.
Sedat Peker çıxışının davamında hazırda Dubayda olduğunu, onu aparmaq üçün gələn türkiyəli istənilən dövlət adamı ilə vuruşacağı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Sedat Peker bir neçə gündür Türkiyədə nüfuzlu siyasətçilər və keçmiş nazirlər barədə qalmaqallı açıqlamalar yayır. Son 3 videosu bir neçə gün ərzində 5 milyondan çox izlənib.