Xəbər verdiyimiz kimi, türkiyəli mafiya başçısı Sedat Peker azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsində Mehmet Ağar adlı şəxsi günahlandırıb.
Yeniavaz.com xəbər verir ki, Mehmet Ağar 1984-88-ci illərdə İstanbulda terror və ictimai asayişdən məsul polis rəisinin müavini vəzifəsində çalışıb. 1988-ci ildə Ankara Polis Şöbəsinə, 1990-cı ildə İstanbul Polis Şöbəsinə, 1992-ci ildə Ərzurum Valiliyinə təyinat alıb. 1993-cü ilin iyulunda isə Türkiyə Cümhuriyətinin Polis Rəisi vəzifəsinə göndərilir. Daha sonra isə vəzifəsi artırılır və Türkiyənin daxili işlər naziri olur.
Nazir işlədiyi müddətdə Türkiyədə böyük səs-küyə səbəb olan “Susurluk hadisəsi” baş verir. 3 noyabr 1996-cı ildə axşam saatlarında Susurluk ilçəsinin Çatalceviz bölgəsində “Mersedes” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verir. Həmin “Mersedes”də Türkiyə Cümhuriyətinin Polis Rəisinin keçmiş müavini Hüseyin Kocadağ, DYP (Doğru Yol Partiyası) Şanlıurfa millət vəkili Sedat Edip Bucak və "Mehmet Özbay" adına saxta şəxsiyyət vəsiqəsilə İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Abdullah Çatlı adlı cinayətkarın birlikdə olduğu ortaya çıxır. Qəzada Abdullah Çatlı ilə Hüseyin Kocadağ dünyasını dəyişir.
Abdullah Çatlının adı Türkiyədə bir çox cinayətlərdə, sui-qəsdlərdə hallanıb. Bu hadisədən sonra Türkiyə hökuməti böyük araşdırlamalar başlatdı. Dövlətlə mafiyanın əlaqəli olduğu iddia edildi, hadisə tarixə “Susurluk skandalı” deyə düşdü. İki dövlət adamı ilə bir məşhur cinayətkarın nə üçün bir yerdə olması bir çox şayiələrə gətirib çıxardı. Araşdıramalar nəticəsində Türkiyənin daxili işlər naziri Mehmet Ağarın məsələ ilə birbaşa əlaqəsi olduğu bildirildi. Mehmet Ağar 1996-cı ilin noyabrında nazir vəzifəsindən istefa verdi. Hadisənin əsli hələ də ortaya çıxmayıb. Mehmet Ağar həmin vaxtlardan indiyə qədər Türkiyə siyasətindədir. Həbsdə olub. Türkiyədə baş verən çox sayda müəmmalı hadisələr onunla əlaqələndirilir.
Xatırladaq ki, türkiyəli mafiya başçısı Sedat Peker “youtube” vasitəsilə yayımladığı videoda Mehmet Ağarın və yaxın ətrafının bir çox cinayət törətdiyini, azərbaycanlı iş adamı Mübariz Mənsimovu onun planları ilə həbs edildiyini bildirmişdi. Pekerin “dərin dövlət”in başçısı adlandırdığı Mehmet Ağar saxlanılanda həbsxananın tamamilə boşaldıldığını, kamerada onunla birlikdə mühafizə polislərinin yatdığını söyləmişdi: “Mübariz Mənsimov sənin üçün orada cakkuzi hazırlatmadımı? Orada yatırsan deyə helikopter eniş zolağı tikilmədimi? Sən orada özünü rahat hiss et deyə Türkiyənin böyük iş adamlarını Mübariz helikopterlə ora gətirmədimi? Sən isə Mübarizi həbs etdirib mallarını əlindən aldın”.
Peker həmçinin bildirmişdi ki, Ağar Mübariz Mənsimovu həbs etdirdikdən sonra onun Bodrumdakı milyard dollarlıq mülkünü əlindən alıb.
Ruslan Yusibov