Nəzarətdən çıxan 21 tonluq raketlə bağlı yeni məlumat – Bu bölgələrə düşəcəyi iddia edilir


Çinin “Long March 5b” raketinin sabah Yer kürəsinə düşəcəyi gözlənilir.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Kosmik Komandanlığı bəhs edilən raketin istiqamətlərinin izlənildiyini bildirib. Pentaqon isə raketin parçalarının dünyanın müxtəlif bölgələrinə düşə biləcəyini açıqlayıb. “The Guardian” qəzetində yer alan xəbərə görə, ABŞ-ın “Aerospace Corp” adlı kosmik tədqiqatlar mərkəzi raketin Ekvador yaxınlığında Sakit okeana düşə biləcəyini deyib. Bu trayektoriya Yeni Zelandiyadan Kanadanın Nyufaundlend bölgəsinə qədər geniş bir ərazini əhatə edir. Harvard universitetində araşdırma aparan alim Conatan Makdovel isə raketin parçalarının şimal və cənub yarımkürələrdə 41-ci enliklər arasında düşə biləcəyini söyləyib. Onun sözlərinə görə raket çox sayda insanın həyatı üçün təhlükəli ola bilər: "Keçən il kosmosa atılan "Long March-5B" raketinin böyük metal parçaları göydə uçaraq Fildişi Sahilindəki bir çox bölgəyə ziyan vurdu". 
Bəzi mütəxəssislər isə qeyd edir ki, bu cür raketlər Yer kürəsinə çatmadan göydə yanaraq məhv olur. 
Qeyd edək ki, Çin kosmosa göndərdiyi raketin nəzarətdən çıxdığını açıqlamışdı. Nyu-York, Madrid, Pekin kimi böyük şəhərlərin təhlükə altında olduğu bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top